ABŞ İsrailin hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə ölkəyə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərib.
Editor.az bu barədə The Wall Street Journal (WSJ) qəzetinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əlavə sistem ABŞ-ın Texas ştatından İsrailə göndərilir. Vaşinqton bu addımla regionda mümkün hərbi eskalasiya fonunda İsrailin raket hücumlarından müdafiəsini gücləndirməyə çalışır.
Məlumata əsasən, noyabr ayında ABŞ-a məxsus əlavə aviadaşıyıcı zərbə qrupunun da Yaxın Şərqə gəlməsi gözlənilir. Yeni qrupun regionda artıq mövcud olan 20 ABŞ hərbi gəmisinə qoşulacağı bildirilir.
Qəzetin yazdığına görə, Vaşinqton bu tədbirləri İranla hərbi əməliyyatların yenidən başlanması ehtimalını nəzərə alaraq həyata keçirir. ABŞ tərəfinin belə bir ssenari baş verəcəyi təqdirdə atıla biləcək müxtəlif addımları nəzərdən keçirdiyi qeyd olunur.
Bundan əvvəl, oktyabrın 24-də CNN telekanalı mənbələrinə istinadən ABŞ-ın Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarını təcili təxliyə etməyə başladığını bildirmişdi. Məlumata görə, diplomatlarla yanaşı, onların ailə üzvləri də regionu tərk edirdilər.
CNN-in məlumatında bu addımın ABŞ kəşfiyyatının İranın hərbi hazırlıqlarının güclənməsi ilə bağlı qiymətləndirmələri fonunda atıldığı qeyd olunurdu.
//Gülnarə Abasova, Editor.az

