Həkim xəbərdarlıq etdi: duzdan tamamilə imtina etmək sağlamlıq üçün təhlükəli ola bilərbackend

Həkim xəbərdarlıq etdi: duzdan tamamilə imtina etmək sağlamlıq üçün təhlükəli ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam insanların qida rasionundan duzu tamamilə çıxarması nəinki faydasız, həm də sağlamlıq üçün təhlükəli ola bilər.

Editor.az xəbər verir ki, bu barədə terapevt, qastroenteroloq və dietoloq Anastasiya Timoşenko açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, adi xörək duzunun tərkibindəki natrium və xlor orqanizmin normal fəaliyyəti üçün vacib elementlərdir. Natrium su balansının qorunmasında, əzələlərin yığılmasında və sinir impulslarının ötürülməsində iştirak edir. Xlor isə mədədə həzm üçün zəruri olan xlorid turşusunun əmələ gəlməsinə kömək edir.

Mütəxəssis qeyd edib ki, duzun tamamilə rasiondan çıxarılması qanda natrium səviyyəsinin təhlükəli dərəcədə azalmasına — hiponatremiyaya səbəb ola bilər. Bu vəziyyət ilkin mərhələdə güclü halsızlıq, tez yorulma, ürəkbulanma və ayağa qalxarkən kəskin başgicəllənmə ilə özünü göstərə bilər.

Həkimin xəbərdarlığına görə, elektrolit çatışmazlığı ağırlaşdıqda maddələr mübadiləsinin ciddi pozulmasına, nevroloji problemlərə və hətta ölümə gətirib çıxara bilər.

Bununla belə, mütəxəssis vurğulayıb ki, gündəlik həyatda sağlam insanlarda kritik natrium çatışmazlığına nadir hallarda rast gəlinir. Belə hallar daha çox intensiv fiziki fəaliyyət zamanı çoxlu duz itirən və ya sidikqovucu dərmanları nəzarətsiz qəbul edən şəxslərdə müşahidə olunur.

Digər tərəfdən, duzun həddindən artıq qəbulu da ciddi risklər yaradır. Qanda natrium səviyyəsinin yüksəlməsi güclü susuzluğa və orqanizmdə mayenin tutulmasına səbəb ola bilər. Bu isə ürəyin iş yükünü artıraraq arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilər.

Timoşenkonun sözlərinə görə, gündəlik 5 qramdan artıq duzun müntəzəm qəbulu infarkt və insult riskini artırır. Artıq natriumun orqanizmdən xaric edilməsi zamanı böyrəklər daha çox kalsium itirə bilər ki, bu da uzun müddətdə sümüklərin kövrəkləşməsinə şərait yaradır.

Həkim duzun normadan artıq qəbulunun mümkün əlamətləri sırasında davamlı susuzluğu, göz ətrafında şişkinliyi, üzükləri çıxarmaqda çətinlik çəkməyi, yeməkdən sonra maye yığılması ilə əlaqəli qəfil çəki artımını və gecələr susuzluq səbəbindən tez-tez oyanmağı qeyd edib.

Mütəxəssislər duzun qəbulunu məhdudlaşdırmaqla ondan tamamilə imtina etməyin fərqli yanaşmalar olduğunu xatırladırlar.

//Gülnarə Abasova, Editor.az