Xəbər verildiyi kimi, ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan görüş ləğv edilib.
Ağ Ev gecə saatlarında yayımlanan açıqlamada İsveçrədəki görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək vitse-prezident Ceyms Devid Vensin səfərini ləğv etdiyini açıqlayıb və əlavə edib ki, bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb.
Tərəflər niyə görüşmədilər?
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-da vurğuladı ki, ABŞ-İsrail cütlüyünün İrana qarşı başladığı müharibə kifayət qədər mürəkkəb situasiya yaradıb: “İndi onun ağır nəticələrini aradan qaldırmaq və başlanğıc nöqtəsinə qayıtmaq o qədər də asan deyil. ABŞ və İsrail-İran müharibəsi artıq ABŞ-İran savaşına keçib. Bu heç də Birləşmiş Ştatlar üçün yaxşı nəticə deyil. Dünyanın super gücü olan bir dövlətin inkişaf edən bir ölkə ilə üz-üzə qalması onun üçün arzuolunan nəticə ola bilməz. Ancaq reallıq budur ki, ABŞ terrorçu və müasir dünya üçün təhlükə adlandırdığı İranla bərabər tərəfdaş vəziyyətində qalıb. Düşünürəm ki, Tramp administrasiyası məhz bu vəziyyətdən çıxış axtarmaqdadır.
Çünki bu durum həm ABŞ-nin beynəlxalq nüfuzunu təhdid edir, həm də daxildə Respublikaçıların hakimiyyətini laxladır. Buna görə də ABŞ-nin danışıqlar prosesi daxilində manevr etməkdən başqa yolu qalmır. Məqsəd danışıqlar prosesindən qalib kimi çıxmaqdır. Burada uduzarsa qalib kimi təqdim etdiyi müharibədə də məğlub olduğu fikri yayıla bilər. Bu isə Tramp hakimiyyətinə baha başa gələr”.
Musavat.com


