Avropa İttifaqı Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq yeni yardım paketinin Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının maaşlarının ödənilməsi üçün istifadə edilməsini dəstəkləmir.
Bu barədə Ukrayna Ali Radasının deputatı Roman Kostenko yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ rəsmiləri yardım vəsaitlərinin hərbçilərin əməkhaqqına deyil, digər müdafiə və dövlət büdcəsi ehtiyaclarına yönəldilməsinin tərəfdarıdırlar.
Deputat qeyd edib ki, bu mövqe yardım proqramının müzakirələri zamanı Avropa tərəfi tərəfindən dəfələrlə vurğulanıb.
Kostenko əlavə edib ki, Ukrayna hökuməti hərbi qulluqçuların maaşlarının maliyyələşdirilməsi üçün alternativ mənbələrin axtarışını davam etdirir.
Qeyd edək ki, Avropa İttifaqı Ukraynanın maliyyə və müdafiə ehtiyaclarını dəstəkləmək məqsədilə növbəti illər üçün genişmiqyaslı yardım mexanizmləri üzərində işləyir. Bununla belə, yardım vəsaitlərinin hansı istiqamətlərdə xərclənəcəyi ilə bağlı tərəflər arasında müzakirələr davam edir.
//Samir Qurbanov, Editor.az


