Alim dərman qəbul etmək üçün ən uyğun vaxtı açıqlayıbbackend

Alim dərman qəbul etmək üçün ən uyğun vaxtı açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimya üzrə alim bildirib ki, eyni dərmanın təsiri onun günün hansı saatında qəbul edilməsindən asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdə biokimyəvi prosesləri tənzimləyən sutkalıq ritmlərdir.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Texnologiya Universitetinin (MİREA) Biotexnologiya və Sənaye Farmasiyası kafedrasının dosenti, kimya elmləri namizədi Aleksey Panov danışıb.  

Mütəxəssisin sözlərinə görə, dərmanların mənimsənilməsində qaraciyər əsas rol oynayır. Əksər preparatlar məhz burada parçalanaraq aktiv və əlavə təsir göstərən komponentlərə çevrilir. Qaraciyərdə fəaliyyət göstərən sitoxrom P450 fermentlərinin aktivliyi gün ərzində dəyişir. Səhər saat 06:00-dan 12:00-dək bu fermentlər daha fəal işlədiyindən dərmanlar daha sürətlə parçalanır. Axşam saatlarında isə proses yavaşıyır və preparatlar qanda daha uzun müddət qalır.  

Panov qeyd edib ki, ürək-damar sistemi səhər saatlarında daha aktiv olur, arterial təzyiq və nəbz göstəriciləri maksimum həddə çatır. Buna görə də təzyiq salan dərmanların axşam və ya yatmazdan əvvəl qəbul edilməsi daha məqsədəuyğun hesab olunur. Bu halda preparatın maksimal təsiri səhər saatlarına təsadüf edir və hipertoniya krizinin qarşısını almağa kömək edir.  

Xolesterinin səviyyəsini azaltmaq üçün istifadə olunan statinlərin isə axşam qəbul edilməsi tövsiyə olunur. Alimin sözlərinə görə, qaraciyərdə xolesterinin əsas sintezi gecə saatlarında baş verdiyi üçün bu dərmanlar həmin vaxt daha effektiv təsir göstərir.  

Ekspert bəzi dərman qrupları ilə bağlı xüsusi xəbərdarlıq da edib. Epilepsiya əleyhinə preparatlar, ürək ritmini tənzimləyən dərmanlar, varfarin və bəzi antibiotiklər dar terapevtik intervala malikdir. Bu preparatların qəbul vaxtının həkimlə məsləhətləşmədən dəyişdirilməsi həm müalicə effektinin azalmasına, həm də toksik reaksiyalara səbəb ola bilər.  

Panov əlavə edib ki, dərmanların qəbul vaxtı onların yan təsirlərinə də təsir göstərir. Məsələn, qeyri-steroid iltihabəleyhinə preparatların səhər acqarına qəbulu mədə selikli qişasını daha çox qıcıqlandıra bilər. Sidikqovucu dərmanların səhər qəbul edilməsi gecə yuxusunun pozulmasının qarşısını alır, birinci nəsil antihistamin preparatlar isə gündüz qəbul edildikdə yuxululuq yaradaraq iş qabiliyyətini azalda bilər.  

Mütəxəssis vətəndaşlara dərman təlimatlarını diqqətlə oxumağı və xüsusilə reseptlə təyin olunan preparatların qəbul vaxtını özbaşına dəyişməməyi tövsiyə edib. Onun sözlərinə görə, hətta sadə görünən vaxt dəyişikliyi belə müalicənin effektivliyini azalda və arzuolunmaz reaksiyalara səbəb ola bilər.  

//Gülnarə Abasova, Editor.az