Alimlər: D vitamini çatışmazlığı varikoz riskini artırırbackend

Alimlər: D vitamini çatışmazlığı varikoz riskini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 500 min nəfərin iştirakı ilə aparılan yeni araşdırma D vitamini çatışmazlığı ilə varikoz xəstəliyi arasında əhəmiyyətli statistik əlaqə aşkar edib.

Editor.az xəbər verir ki, Çia-Nan Əczaçılıq və Elm Universitetinin alimləri müəyyən ediblər ki, D vitamini çatışmazlığı yalnız sümüklərin sağlamlığına və immun sisteminə mənfi təsir göstərmir, həm də varikoz genişlənməsi riskini artırır. Araşdırmanın nəticələri Frontiers in Nutrition elmi jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində yaşı 40-dan yuxarı olan təxminən 500 min nəfərin məlumatları təhlil edilib. İştirakçıların qanında D vitamininin səviyyəsi dəfələrlə ölçülüb və onların sağlamlıq vəziyyəti orta hesabla beş il ərzində izlənilib. Alimlər normal D vitamini səviyyəsinə malik şəxslərlə bu vitaminin çatışmazlığından əziyyət çəkən insanların göstəricilərini müqayisə ediblər.

Araşdırma nəticəsində məlum olub ki, ciddi D vitamini çatışmazlığı olan şəxslərdə varikoz xəstəliyinin inkişaf riski 62 faiz daha yüksəkdir. Bundan əlavə, bu şəxslərdə xəstəliyin daha ağır formada keçməsi ehtimalı da artır.

Məlumatlara görə, D vitamini çatışmazlığı olan iştirakçılarda varikoz yaralarının yaranma riski iki dəfədən çox, iltihabi ağırlaşmaların baş vermə ehtimalı isə təxminən üç dəfə yüksək olub.

Tədqiqat müəllifləri bildiriblər ki, bəzi hallarda risk artımı yalnız ciddi deyil, hətta orta səviyyəli D vitamini çatışmazlığı zamanı da müşahidə edilib. Bu isə vitaminin damar divarlarının sağlamlığının qorunmasında və venaların normal fəaliyyətində mühüm rol oynaya biləcəyini göstərir.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma yalnız statistik əlaqəni ortaya qoyur və D vitamini çatışmazlığının birbaşa varikoz xəstəliyinə səbəb olduğunu sübut etmir. Səbəb-nəticə əlaqəsinin dəqiq müəyyənləşdirilməsi üçün əlavə klinik tədqiqatların aparılmasına ehtiyac var.

//Gülnarə Abasova, Editor.az