Almaniya Diabet Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, 2-ci tip diabet yeni diaqnoz qoyulan insanlarda xəstəliyin erkən mərhələsində belə qlükaqon hormonunun səviyyəsi yüksəlir.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Diabetes Care jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, indiyədək diabetlə bağlı araşdırmalar əsasən insulin hormonuna yönəlmişdi. Halbuki qlükaqon da qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Bu hormon qaraciyəri qlükozanı qana buraxmağa stimullaşdırır və normal şəraitdə insulinlə balans halında fəaliyyət göstərir. 2-ci tip diabet zamanı isə bu balans pozulur.
Araşdırma çərçivəsində yeni diaqnoz qoyulmuş 50 diabet xəstəsi və maddələr mübadiləsində problem olmayan 50 nəfərin məlumatları müqayisə edilib. Nəticələr göstərib ki, yeməkdən sonra diabetli şəxslərdə qlükaqonun səviyyəsi sağlam insanlarla müqayisədə təxminən 75 faiz daha yüksək olub.
Alimlər həmçinin müəyyən ediblər ki, qlükaqonun yüksəlməsi əsasən qaraciyərin piylənməsi ilə əlaqəlidir. Tədqiqat müəllifləri hesab edirlər ki, qaraciyər hüceyrələrində toplanan yağ bu orqanın qlükaqona həssaslığını azaldır və nəticədə orqanizm daha çox hormon istehsal etməyə başlayır. Bu vəziyyət “qaraciyərin qlükaqona rezistentliyi” adlandırılır.
Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr gələcəkdə həm diabetin, həm də qaraciyərin piylənməsinin müalicəsi üçün yeni dərmanların hazırlanmasına kömək edə bilər.
//Gülnarə Abasova, Editor.az


