Hollandiyanın Nijmegen şəhərində yerləşən Radboudumc universitet xəstəxanasında hantavirusla bağlı ciddi protokol pozuntusu baş verib.
Musavat.com xəbər verir ki, hadisədən sonra 12 tibb işçisi ehtiyat tədbiri olaraq karantinə alınıb.
Məlumata görə, Antarktidadan qayıdan MV Hondius kruiz gəmisindən gətirilən xəstədən qan və sidik nümunələri götürülərkən təhlükəsizlik qaydalarına tam əməl olunmayıb. Nəticədə bəzi tibb əməkdaşları potensial yoluxmuş materiallarla təmasda olub. Xəstənin tibbi tullantılarının məhv edilməsi zamanı da ciddi səhvlərin edildiyi bildirilib.
Xəstəxana rəhbərliyi infeksiya riskinin aşağı olduğunu açıqlasa da, 12 əməkdaşın 6 həftə ərzində nəzarət altında saxlanılacağı bildirilib. Hadisədən sonra xəstəxana rəhbərliyi rəsmi şəkildə üzr istəyib və araşdırmaya başlanıldığını açıqlayıb.
Qeyd edək ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Son günlər MV Hondius gəmisində aşkarlanan virus səbəbindən bir neçə ölkədə sərnişinlər karantinə alınıb. İspaniyada karantində saxlanılan sərnişinlərdən birinin test nəticəsinin pozitiv çıxdığı da açıqlanıb.
Mütəxəssislər hazırda virusun genişmiqyaslı pandemiyaya çevrilmə riskinin aşağı olduğunu desələr də, hadisə beynəlxalq səhiyyə sistemində narahatlıq yaradıb.


