“Solovyovun ənənəvi olaraq yalan və böhtan üyütdüyünü təkrarlamağa, zənnimcə, ehtiyac yoxdur. Bəşəriyyətin üzqarası olan bu məxluqun fiziki mövcudluğu belə yalan, qarayaxma, tarixi faktların təhrifi, mif, hüquqi nihilizm, bütövlükdə isə insanlıq əleyhinə olan cinayətkar, xəstə təfəkkür üzərində təşəkkül tapıb”.
Bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

“Bu baxımdan, Azərbaycan dövlətinin və xalqının mədəni irsi olan, Ermənistanın işğalçılıq siyasəti və ənənəvi erməni saxtakarlığı nəticəsində dəyişikliklərə məruz qalmış Gəncəsər monastırı haqqında ucuz və miskin təbliğatçı, siyasi əxlaqsızlığı simvolizə edən Vladimir Solovyovun nə dediyinin, nə danışdığının heç bir əhəmiyyəti yoxdur”, – parlamentari vurğulayıb.
O bildirib ki, Solovyovun iyrənc qəzəbli obrazı, ilk növbədə, rus xalqını narahat etməlidir:
“Çünki təxminən beş-on il sonra dünyada, o cümlədən Avrasiyada çox şey dəyişəcək və o zaman nəhəng bir toplum Solovyov kimilərin səpdiyi nifrət toxumlarının cücərtiləri ilə qarşı-qarşıya qalmalı olacaqlar”.
“Bir məqama da diqqət çəkmək istəyirəm. UNESCO-nun 1972-ci il “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyası”na görə abidələr ilk növbədə yerləşdiyi dövlətin yurisdiksiyası altında olan irs nümunəsi hesab edilir, eyni zamanda, bütün bəşəriyyət üçün dəyər daşıyan obyekt kimi qəbul olunur. Yəni, məsələn, bir kilsə, məscid və ya monastır dini mənşəyinə görə identifikasiya oluna bilər, lakin hüquqi status baxımından yerləşdiyi dövlətin mədəni irsi sayılır. Bu isə o deməkdir ki, ermənilərin işğal dövründə saxtalaşdırmağa çalışdığı, Azərbaycan xalqının etnogenezinin formalaşmasında yer alan alban mədəniyyətinin ayrılmaz parçası olan Gəncəsər monastır kompleksi Azərbaycan Respublikasının və bu dövlətin qurucusu olan Azərbaycan xalqının mədəni irsidir. Solovyov isə başını işğal dövründə Azərbaycan xalqının mədəni irsinin üzərini örtmək üçün istifadə etdikləri daşlara döyür”, – MM üzvü əlavə edib.
//oxu.az


