Alimlər və həkimlər optimist düşüncənin insan sağlamlığına ciddi müsbət təsir göstərdiyini açıqlayıblar.
Editor.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, həyata müsbət yanaşan insanlarda ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riski təxminən üçdəbir daha az olur.
Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin direktoru Olqa Tkaçovanın sözlərinə görə, optimist insanlar adətən daha sağlam həyat tərzi keçirir, düzgün qidalanır, daha çox hərəkət edir və zərərli vərdişlərdən uzaq dururlar.
Həkim bildirib ki, mənfi düşüncə tərzi orqanizmdə stress hormonlarının artmasına səbəb olur. Xroniki stress isə iltihab proseslərini gücləndirərək müxtəlif xəstəliklərin yaranma ehtimalını artırır.
Araşdırmalara əsasən, optimist insanlar orta hesabla daha uzun yaşayır və 85 yaşdan yuxarı ömür sürmə ehtimalları daha yüksək olur. Mütəxəssislər hesab edir ki, pozitiv düşüncə insanın çətinliklərlə mübarizə qabiliyyətini də gücləndirir.
//Gülnarə Abasova, Editor.az


