Almaniyalı alimlər B2 vitamininin (riboflavin) xərçəng hüceyrələrinin sağ qalmasına kömək etdiyini müəyyən ediblər.
Editor.az xəbər verir ki, Araşdırmanın nəticələri xərçəngin müalicəsində yeni yanaşmaların inkişafına yol aça bilər.
Vürtsburq Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, riboflavin “ferroptoz” adlanan proqramlaşdırılmış hüceyrə ölüm mexanizminin qarşısını almaqda mühüm rol oynayır. Ferroptoz hüceyrələrdə dəmir və oksidləşdirici stressin artması nəticəsində baş verən məhvolma prosesidir və alimlər bunu xərçəng hüceyrələrinin əsas zəif nöqtələrindən biri hesab edirlər.
Araşdırma zamanı məlum olub ki, şiş hüceyrələri ferroptozdan yayınmaq üçün B2 vitaminindən istifadə edir. Bu mexanizmdə əsas rol “FSP1” adlı qoruyucu zülala məxsusdur. Həmin zülal hüceyrələrin məhv olmasının qarşısını alır və normal fəaliyyəti üçün riboflavinə ehtiyac duyur.
Mütəxəssislər həmçinin “RFK” geninin də bu prosesdə iştirak etdiyini aşkar ediblər. Minlərlə gen üzərində aparılan analizlər göstərib ki, FSP1 aktivliyi birbaşa B2 vitamini ilə əlaqəlidir. Bu isə riboflavinin xərçəng hüceyrələrinin müdafiə sistemini gücləndirdiyini ortaya qoyur.
Tədqiqat çərçivəsində alimlər “rozoflavin” adlı maddəni də sınaqdan keçiriblər. Quruluşuna görə B2 vitamininə bənzəyən bu birləşmə laboratoriya şəraitində xərçəng hüceyrələrinin müdafiəsini zəiflədib və onları ferroptoza qarşı daha həssas edib.
Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr B2 vitamininin insan orqanizmi üçün zərərli olması demək deyil. Riboflavin enerji mübadiləsi, dəri sağlamlığı və digər həyati funksiyalar üçün vacib maddələrdən biridir. Bununla belə, onun xərçəng hüceyrələrinin qorunmasında oynadığı rol gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
//Gülnarə Abasova, Editor.az


