Alimlər Altsheymer xəstəliyinin inkişafında mühüm rol oynayan yeni molekulyar mexanizm müəyyən ediblər. Araşdırma göstərib ki, STING adlı immun zülalında baş verən xüsusi kimyəvi dəyişiklik beyində xroniki iltihabın yaranmasına səbəb olur və sinir hüceyrələri arasındakı əlaqələri zədələyir.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Scripps Research alimləri tərəfindən əldə olunub və Cell Chemical Biology jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, beyində sinir toxumasını infeksiyalardan və zədələrdən qoruyan xüsusi immun hüceyrələr mövcuddur. Lakin Altsheymer xəstəliyi zamanı bu müdafiə sistemi nəzarətdən çıxa bilir. Nəticədə immun hüceyrələri təhlükələrlə mübarizə aparmaq əvəzinə uzunmüddətli iltihabı dəstəkləyir və neyronlar arasındakı əlaqələrin dağılmasına səbəb olur.
Araşdırmanın mərkəzində immun cavabın formalaşmasında iştirak edən STING zülalı dayanıb. Alimlər müəyyən ediblər ki, Altsheymer xəstəliyi zamanı bu zülal S-nitrozilləşmə adlanan kimyəvi prosesə məruz qalır. Azot oksidi birləşmələrinin təsiri nəticəsində yaranan bu dəyişiklik STING-in həddindən artıq aktivləşməsinə və iltihabi reaksiyanın güclənməsinə gətirib çıxarır.
Tədqiqatçılar dəyişikliyin zülalın sistein-148 adlı konkret hissəsində baş verdiyini aşkar ediblər. Bundan sonra STING böyük molekulyar komplekslər əmələ gətirərək beyində iltihab proseslərini işə salır. Bu dəyişdirilmiş zülal formasının yüksək səviyyələri həm Altsheymer xəstələrinin beyin nümunələrində, həm də xəstəliyin hüceyrə və heyvan modellərində müşahidə olunub.
Araşdırmanın rəhbəri, nevroloq Stuart Lipton bildirib ki, sistein-148 sahəsi Altsheymer xəstəliyinin müalicəsi üçün yeni və perspektivli terapevtik hədəf hesab edilə bilər. Onun sözlərinə görə, məhz bu hissəyə təsir etməklə immun sisteminin patoloji hiperaktivliyini azaltmaq, eyni zamanda onun qoruyucu funksiyalarını saxlamaq mümkündür.
Hazırda alimlər STING zülalının bu hissəsini bloklaya biləcək yeni molekullar üzərində işləyirlər. Gələcəkdə belə preparatlar beyində iltihabı azaltmağa, sinir əlaqələrini qorumağa və Altsheymer xəstəliyinin gedişatını ləngitməyə yönəlmiş yeni müalicə üsullarının əsasını təşkil edə bilər.
//Gülnarə Abasova, Editor.az


