Araşdırma: Yuxu keyfiyyəti ailədaxili münasibətlərə ciddi təsir göstərirbackend

Araşdırma: Yuxu keyfiyyəti ailədaxili münasibətlərə ciddi təsir göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı alimlərin apardığı yeni araşdırma göstərib ki, yuxunun keyfiyyəti ailədaxili münasibətlərə əvvəllər düşünüldüyündən daha çox təsir edir. Tədqiqat nəticələrinə görə, keyfiyyətli yuxu evlilikdə stress səviyyəsinin azalması ilə əlaqəlidir və bu təsir xüsusilə qadınlarda daha qabarıq şəkildə müşahidə olunur.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Health and Social Behavior” (JHSB) elmi jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edirlər ki, yuxu adətən fərdi bioloji ehtiyac kimi qiymətləndirilsə də, ailələrin əksəriyyətində bu, həm də ortaq fəaliyyət hesab olunur. Belə ki, həyat yoldaşlarının eyni yataqda yatması səbəbindən bir tərəfin narahat və ya keyfiyyətsiz yuxusu digər tərəfin psixoloji vəziyyətinə və rifahına təsir göstərə bilər.

Məsələni araşdırmaq üçün ABŞ-ın Texas Universitetinin (Ostin şəhəri) alimləri 378 evli cütlükdən ibarət, ümumilikdə 756 nəfərin iştirak etdiyi “Sağlamlıq və Münasibətlər Layihəsi”nin məlumatlarını təhlil ediblər.

Tədqiqat çərçivəsində iştirakçılar əvvəlcə ətraflı sorğulara cavab verib, daha sonra isə 10 gün ərzində hər gün yuxu keyfiyyəti və həyat yoldaşları ilə münasibətləri barədə məlumat təqdim ediblər. Onlar əvvəlki gecə nə dərəcədə yaxşı yatdıqlarını qiymətləndirib, həmçinin son 24 saat ərzində həyat yoldaşları tərəfindən incidilmiş, əsəbiləşdirilmiş və ya lazımi qədər dəyərləndirilməmiş hiss edib-etmədiklərini bildiriblər.

Təhlil nəticəsində müəyyən olunub ki, ümumilikdə keyfiyyətli yuxu növbəti gün ailədaxili gərginlik və münaqişələrin azalması ilə əlaqəlidir. Bu əlaqə qadınlarda daha güclü şəkildə özünü göstərib.

Bundan əlavə, iştirakçıların münasibətlərə dair təsəvvürlərinin təkcə öz yuxu keyfiyyətlərindən deyil, həm də həyat yoldaşlarının necə yatmasından asılı olduğu üzə çıxıb.

Tədqiqatın aparıcı müəllifi Asya Saidam bildirib ki, evli qadınlar həm öz yuxularına, həm də həyat yoldaşlarının yuxu keyfiyyətinə daha həssas reaksiya verirlər və bu tendensiya əldə olunan məlumatlarda aydın şəkildə görünür.

Alimlərin fikrincə, bunun səbəbi qadınların ailə münasibətlərinin qorunması ilə bağlı emosional yükün və məişət işlərinin əhəmiyyətli hissəsini daha çox üzərlərinə götürmələri ola bilər. Nəticədə yuxu çatışmazlığı onların emosional vəziyyətinə və ailədaxili münasibətləri qiymətləndirməsinə daha güclü təsir göstərir.

//Gülnarə Abasova, Editor.az