Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən, “Arzum 9999” ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Musavat.com xəbər verir ki, məhkəmə iclasında müdafiə tərəfi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və İlduzə Hacıyevanın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Qərar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədov sosial şəbəkələrdə qərarın mahiyyəti ilə bağlı yanlış fikirlərin yayıldığını bildirib.
Onun sözlərinə görə, “Arzum”un ev dustaqlığına buraxılması onun bəraət alması və ya azadlığa buraxılması anlamına gəlmir.

“Bloqer barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzası qüvvədə qalır. O, yalnız hökmdən apelyasiya şikayəti verib. Hazırda dəyişdirilən hökm deyil, yalnız qətimkan tədbiridir. Yəni həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub”, – deyə hüquqşünas vurğulayıb. Sahib Məmmədov qeyd edib ki, Apelyasiya Məhkəməsi işə baxdıqdan sonra bir neçə qərardan birini qəbul edə bilər: “Həbs cəzası olduğu kimi qüvvədə saxlanıla bilər. Bu halda bloqer təyin edilmiş cəzanı həbsxanada çəkməli olacaq. Məhkəmə cəzanın müddətini azalda, lakin azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlaya bilər. Bu halda o, azaldılmış müddətdə cəza çəkəcək. Digər variant isə hökmün dəyişdirilərək cəzanın şərti cəza ilə əvəz olunması və ya başqa hüquqi qərarın qəbul edilməsidir. Bu halda onun həbsxanaya göndərilməməsi mümkündür”, – deyə hüquqşünas izah edib.
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan sonra o, məhkəmə zalında həbs edilmişdi.
Musavat.com

