22-26 İyun tarixlərində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yay Sessiyası çərçivəsində Azərbaycanla bağlı müzakirələrin davam edəcəyi gözlənilir. Sessiyanın gündəliyində insan hüquqları, demokratiya, söz azadlığı və vətəndaş cəmiyyəti ilə bağlı məsələlər yer alıb və bir sıra deputatların Azərbaycana yönəlik tənqidi çıxışlar etməsi proqnozlaşdırılır.
Strasburqda sessiyanı izləyən hüquq müdafiəçisi və siyasi şərhçi Əhməd Şahidov Real Televiziyasına müsahibəsində bildirib ki, AŞPA-da Azərbaycana münasibətdə qərəzli yanaşmalar və ikili standartlar davam edir. Onun sözlərinə görə, hazırda Assambleyaya rəhbərlik edən Petra Bayr vaxtilə Azərbaycanın işğal altında olmuş Qarabağ bölgəsinə qanunsuz səfər edib, Azərbaycan əleyhinə çıxışları ilə tanınıb və məhz buna görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Əhməd Şahidov hesab edir ki, Petra Bayrın AŞPA prezidenti seçilməsindən sonra Assambleyada anti-Azərbaycan meylləri daha da güclənib.
Hüquq müdafiəçisi qeyd edib ki, yaxın aylarda da AŞPA-da Azərbaycanla bağlı sərt müzakirələrin və tənqidi çıxışların davam edəcəyi gözlənilir. Onun fikrincə, Azərbaycanın ərazilərinin uzun illər işğal altında qaldığı dövrdə eyni həssaslığın nümayiş etdirilməməsi, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının lazımi səviyyədə müdafiə olunmaması bu gün Assambleyanın obyektivliyi ilə bağlı ciddi suallar yaradır.
Əhməd Şahidov müsahibəsində Strasburqda fəaliyyət göstərən bəzi müxalif qrupların aktivliyinə də diqqət çəkib. O bildirib ki, həmin şəxslər yüzlərlə təşviqat materialı və vərəqələr hazırlayaraq Avropa parlamentariləri arasında yayırlar. Şahidovun sözlərinə görə, bu materiallarda Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alır və təəssüf ki, bəzi deputatlar bu məlumatları yoxlamadan əsas götürərək Azərbaycana qarşı tənqidi mövqe nümayiş etdirirlər.


