Azərbaycan hərbçisi Ermənistan ərazisinə necə keçib? – Ekspertlərdetalları açıqladıbackend

Azərbaycan hərbçisi Ermənistan ərazisinə necə keçib? – Ekspertlər detalları AÇIQLADI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçməsinə dair xəbərlər yayıldı. Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Ermənistan sərhəd nəzarət xidmətinin işini lazımi səviyyədə həyata keçirmədiyini demək olarmı?

Editor.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, istintaq orqanları bu məsələni araşdırmalıdır:

“Əsgərimiz hansı şəraitdə, niyə o ərazilərə keçib? Onun vəziyyəti necədir? Bu kimi suallar cavabını tapmalıdır. Bir müddətdir həmin əsgərin itkin düşdüyü ilə bağlı məlumatlar var. Daha sonra Ermənistan ərazisinə keçdiyi məlum oldu. Ermənistan sərhəd xidməti normal şəkildə öz işini icra etməyib. Çünki həmin əsgər Ermənistan sərhədindən qarşı tərəfə keçib. Müəyyən qədər irəliləyib, amma sərhəd xidmətinin bununla bağlı məlumatı olmayıb.

Coğrafi şərait, əlverişsiz yollar və sair kimi amillər də sözügedən məsələdə böyük rol oynaya bilər. Bu məsələ geniş araşdırma tələb edir. İstintaqın nəticəsi məlum olduqdan sonra yekun qərar veriləcək.

Vaxtında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti qarşı tərəflə əlaqə saxlayıb, məsələ ilə bağlı Ermənistanı məlumatlandırıb. Bu vəziyyətin iki ölkə arasında heç bir narahatlıq yaratmayacağını düşünürəm. Uzun müddətdir bölgədə atəş səsi eşidilmir. Hər iki ölkə yekun sülhün əldə edilməsi istiqamətində addımlar atır”.

Hərbi ekspert Elxan Şıxəliyev isə məsələyə belə münasibət bildirib:

“Bu hadisəyə ilk növbədə təhlükəsizlik və hüquqi müstəvidən yanaşmaq lazımdır.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, hərbi qulluqçu Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb, onun axtarışına başlanılıb və aparılan araşdırma nəticəsində hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Azərbaycanda cinayət işi başlanılıb. Daha sonra onun Ermənistan ərazisində olduğu və Ermənistanın aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyənləşib.
Ermənistan tərəfinin məlumatına görə isə sentyabrın 29-da Azərbaycan tərəfi onun Ermənistan sərhədini qanunsuz keçmiş ola biləcəyi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verib.

Buna baxmayaraq, o, oktyabrın 1-də Şaki yaşayış məntəqəsində saxlanılıb. Bu məqam Ermənistanın sərhəd müşahidəsi və nəzarət sistemi ilə bağlı müəyyən suallar doğurur.
Bu faktın özündən çıxış edərək Ermənistan sərhəd xidməti fəaliyyətini ciddi incəməli olacaq. Sərhədin hansı hissəsindən, hansı şəraitdə keçildiyi, texniki müşahidə sistemlərinin həmin ərazidə imkanları və şəxsin yaşayış məntəqəsinə qədər necə hərəkət etdiyi araşdırılandan sonra əsas çatışmazlıqlar aşkara çıxacaq. Yalnız bundan sonra sərhəd nəzarətinin effektivliyi barədə obyektiv nəticə ortaya çıxacaq.

Digər tərəfdən, hadisə Azərbaycan Ordusu üçün də ciddi suallar doğurur. Hərbi qulluqçunun xidmət yerini necə tərk etməsi və bunun vaxtında necə aşkarlanması araşdırılmalıdır. Belə hadisələrdən sonra şəxsi heyətin uçotu, daxili nəzarət, postların təhvil-təslimi və xüsusilə sərhədyanı hərbi hissələrdə texniki müşahidə imkanları yenidən nəzərdən keçirilə bilər.

Əsgərin Azərbaycanda məsuliyyət məsələsinə gəldikdə isə, artıq cinayət işi başlanılıb. Lakin onun konkret hansı maddə ilə və hansı cəzanı alacağını indidən söyləmək doğru deyil. Bunun üçün istintaq onun hərbi hissəni hansı səbəbdən tərk etdiyini, sərhədi hansı şəraitdə keçdiyini və hadisənin digər hallarını müəyyən etməlidir.

Ermənistan tərəfi isə onun Şaki yaşayış məntəqəsində bir şəxsin odlu silahla yaralanması ilə bağlı da ittiham olunduğunu açıqlayıb. Bu məlumat hazırda Ermənistan istintaq orqanlarının mövqeyidir və həmin ittihamların məhkəmə tərəfindən təsdiqlənməsi ayrıca məsələdir.
Ona görə mən bu hadisəni bir tərəfin günahlandırılması kimi deyil, həm Azərbaycan, həm də Ermənistan üçün sərhəd təhlükəsizliyi və hərbi nəzarət mexanizmlərinin nə dərəcədə effektiv olduğunu göstərən ciddi insident kimi qiymətləndirərdim”.

//Gülnarə Abasova, Editor.az