ABŞ və İran arasında diplomatik təmasların yenidən intensivləşməsi Yaxın və Orta Şərqdə təhlükəsizlik və sabitlik baxımından diqqətçəkən prosesdir. Nyu-Yorkda keçirilən görüşlər tərəflərin mövcud fikir ayrılıqlarını müzakirə etməsi və mümkün anlaşma yollarını araşdırması baxımından mühüm əhəmiyyət daşıyır. Danışıqlarda əldə ediləcək hər hansı irəliləyiş yalnız Vaşinqton-Tehran münasibətlərinə deyil, bütövlükdə regiondakı təhlükəsizlik mühitinə və regional proseslərə də təsir göstərə bilər. Bu baxımdan prosesin mümkün nəticələri Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz üçün də müəyyən əhəmiyyət kəsb edir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Nyu-Yorkda Abbas Arakçı ilə Stiv Vitkoff arasında keçirilən görüş pozitiv hadisə olsa da, hələlik tərəflər arasında razılaşmanın əldə olunması üçün ciddi fikir ayrılıqları mövcuddur:
“Nəzərə alsaq ki, Donald Tramp İranın təklif etdiyi təklifləri qəbul etməyib və yeni bir proses başlanılır. Abbas Arakçı həm də vasitəçilərlə görüş keçirməyi planlaşdırır. Bu baxımdan danışıqlar prosesində müəyyən intensivlik müşahidə edirik. Amma bu intensivliyin hələlik qısa müddətdə ciddi nəticələrə gətirib çıxarmayacağını düşünürəm.
Bunun əsas səbəbi ondan ibarətdir ki, tərəflərin məsələlərə və problemin həllinə baxışları ciddi şəkildə fərqlənir. Bu mövqelərin yaxınlaşdırılması kifayət qədər zaman tələb edəcək. Nəzəri baxımdan, əgər tərəflər razılığa gələ bilsə və fundamental məsələlər həllini tapsa, o zaman, əlbəttə ki, bu, Yaxın və Orta Şərqdə vəziyyətin normallaşmasına ciddi töhfə verə bilər.
Amma hazırda tərəflərin mövqeləri arasında ciddi fərqlər qalmaqdadır və məhz bu amil danışıqların sürətli şəkildə irəliləməsinə və gözlənilən nəticələrin əldə olunmasına mane olur.
Bu baxımdan müsbət məqam ondan ibarətdir ki, hər iki tərəf hələlik dialoqa üstünlük verdiyini nümayiş etdirməyə çalışır. Lakin mövcud fikir ayrılıqları və dərin ziddiyyətlər fonunda qısa müddət ərzində razılaşmanın əldə olunacağını gözləmək real görünmür.
Gərginliyin və tərəflər arasında qarşıdurma ehtimalının yüksək olaraq qalması da mümkündür. Bu, hər iki tərəfin öz mövqelərində müəyyən korrektələr edərək uzlaşmaya nə dərəcədə hazır olmasından asılı olacaq. Əgər tərəflər, nəzəri baxımdan, anlaşma əldə edə bilsə, bu, həm qlobal miqyasda, həm də regional baxımdan kifayət qədər pozitiv hadisə ola bilərdi”.
//Gülnarə Abasova, Editor.az

