Fərid Şahbazlı: Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərirbackend

Fərid Şahbazlı: Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız partiyanın fəaliyyətinə yekunların vurulduğu tədbir deyil, eyni zamanda Azərbaycanın qarşıdakı siyasi mərhələsi ilə bağlı mühüm mesajların səsləndirildiyi platforma oldu.

Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın müstəqil dövlətçilik xəttinin, milli maraqlara əsaslanan siyasətinin və yeni geosiyasi reallıqların qorunub inkişaf etdiriləcəyini bir daha nümayiş etdirdi. Xüsusilə xarici müdaxilələrlə bağlı səsləndirilən fikirlər Azərbaycanın öz siyasi qərarlarını müstəqil şəkildə qəbul etmək iradəsinin açıq ifadəsi idi”.

Bunu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Yeni Azərbaycan Partiyasının VIII Qurultayını şərh edərkən deyib.

Fərid Şahbazlı qeyd edib ki, YAP artıq 30 ildən artıqdır Azərbaycanın siyasi həyatında mühüm və aparıcı rol oynayan siyasi təşkilatdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin YAP-ı Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə etməsi partiyanın ölkənin siyasi sistemindəki roluna verilən qiymətin göstəricisidir.

Siyasi şərhçi bildirib ki, VIII Qurultayın əhəmiyyəti yalnız YAP-ın keçmiş fəaliyyətinə nəzər salınması ilə məhdudlaşmır. Qurultay Azərbaycanın yeni siyasi və geosiyasi reallıqlar şəraitində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından da diqqət çəkir.

Fərid Şahbazlı Prezident İlham Əliyevin xarici siyasətlə bağlı “heç kim bizim işimizə müdaxilə etməsin” fikrinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu mesaj Azərbaycanın öz qərarlarını milli maraqlar əsasında qəbul etmək və müstəqil dövlət siyasətini davam etdirmək prinsipini ifadə edir.

“Azərbaycan artıq əvvəlki geosiyasi reallıqda deyil. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda yeni siyasi reallıq yaradıb. İndi əsas vəzifə əldə olunmuş nəticələri qorumaq, dövlətin iqtisadi və hərbi imkanlarını daha da gücləndirmək və milli maraqlara əsaslanan müstəqil siyasəti davam etdirməkdir”, – deyə Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Prezidentin çıxışında iqtisadi müstəqillik, təhlükəsizlik, hərbi potensial və beynəlxalq mövqelərin gücləndirilməsi ilə bağlı səsləndirilən fikirlər bir-biri ilə sıx bağlıdır. Fərid Şahbazlının sözlərinə görə, güclü iqtisadiyyat və dayanıqlı təhlükəsizlik sistemi Azərbaycanın xarici siyasətdə müstəqil qərarlar qəbul etmək imkanlarını da genişləndirir.

Fərid Şahbazlı YAP-ın qarşısında yeni dövrün çağırışlarına uyğunlaşmaq baxımından mühüm vəzifələrin dayandığını da vurğulayıb. O bildirib ki, müasir dövrdə siyasi təşkilatların cəmiyyətlə kommunikasiya üsulları, xüsusilə gənclərlə iş və informasiya siyasəti yeni yanaşmalar tələb edir.

“YAP-ın Azərbaycanın ən böyük siyasi təşkilatı olması eyni zamanda onun qarşısında böyük məsuliyyət yaradır. Yeni mərhələdə əsas məsələ əldə edilmiş siyasi və tarixi nəticələri qorumaqla yanaşı, cəmiyyətin dəyişən gözləntilərinə uyğunlaşmaq, gənclərlə işin yeni formatlarını inkişaf etdirmək və müasir informasiya məkanında daha effektiv kommunikasiya qurmaqdır”, – deyə siyasi şərhçi qeyd edib.

Fərid Şahbazlı bildirib ki, VIII Qurultay YAP üçün həm keçmiş fəaliyyətin qiymətləndirilməsi, həm də qarşıdakı dövrün siyasi və ideoloji prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mərhələdir. Onun sözlərinə görə, qurultayda səsləndirilən mesajlar Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində dövlətçilik xəttinin davam etdirilməsi və milli maraqların qorunmasının əsas prioritet olaraq qalacağını göstərir.