Alimlər yavaş nəfəs almağın insanı niyə sakitləşdirdiyini müəyyən ediblərbackend

Alimlər yavaş nəfəs almağın insanı niyə sakitləşdirdiyini müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində aparılan yeni araşdırma burundan alınan nəfəsin ritmi ilə beynin fəaliyyəti arasında birbaşa əlaqənin olduğunu göstərib. Alimlərin fikrincə, yavaş nəfəs alma narahatlığı azalda, sürətli nəfəsalma isə əksinə, narahatlıq hissini gücləndirə bilər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub. Tədqiqat Fudan Universitetinin Beyin Elmləri İnstitutunun alimləri tərəfindən aparılıb. Təcrübələr siçanlar üzərində həyata keçirilib.

Alimlər müəyyən ediblər ki, burundakı qoxu neyronları yalnız qoxuları qəbul etmir, həm də burundan keçən hava axınının ritmini hiss edir. Bu siqnallar əvvəlcə qoxu soğanağına, daha sonra isə beynin müxtəlif bölgələrinə ötürülür. Onlardan biri qorxu və narahatlıq reaksiyalarının formalaşmasında mühüm rol oynayan amigdaladır.

Təcrübələr zamanı yavaş hava axınının beyində yüksək tezlikli qamma dalğalarının müəyyən növlərinin aktivliyini artırdığı müşahidə olunub. Bununla yanaşı, siçanlarda narahatlıqla əlaqəli davranışlar azalıb. Sürətli nəfəsalma zamanı isə əks proses qeydə alınıb: müvafiq beyin aktivliyi zəifləyib və narahatlıq davranışları güclənib.

Tədqiqatın daha bir maraqlı nəticəsi yavaş nəfəsin təsirinin yalnız həmin anla məhdudlaşmaması olub. İki həftə ərzində hər gün tətbiq edilən yavaş burun stimulyasiyası siçanlarda narahatlıq səviyyəsinin daha uzun müddət azalmasına səbəb olub.

Yavaş nəfəs almağın insanı sakitləşdirdiyi, meditasiya və yoqa kimi praktikaların isə stressin azaldılmasına kömək etdiyi uzun müddətdir məlumdur. Yeni araşdırma bu təsirin mümkün mexanizmlərindən birini ortaya qoyur. Nəticələrə əsasən, sakitləşdirici təsir yalnız ürək döyüntüsünün və digər fizioloji göstəricilərin dəyişməsi ilə bağlı olmaya bilər. Burundan keçən havanın ritmi birbaşa beyin fəaliyyətinə də təsir göstərə bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, hazırkı nəticələr yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Bu mexanizmin insanlarda da eyni şəkildə işləyib-işləmədiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Tədqiqatın nəticələri gələcəkdə stress və narahatlığın idarə olunması üçün dərmansız üsulların hazırlanmasına yeni istiqamət verə bilər.

//Gülnarə Abasova, Editor.az