Yeni Azərbaycan Partiyasının VIII qurultayında partiyanın yeni İdarə Heyətinin 40 nəfərlik tərkibi müəyyənləşib. Həmin şəxslər arasında VII çağırış Milli Məclisin deputatı, YAP-ın Yevlax rayon təşkilatına uzun illər rəhbərlik etmiş İlham Məmmədov da var.
Musavat.com xəbər verir ki, İlham Kazım oğlu Məmmədov 13 yanvar 1962-ci ildə Yevlax şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. Əmək fəaliyyətinə həkim kimi başlayıb, Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, endoskopist, şöbə müdiri və qastroenteroloq, daha sonra isə baş həkim vəzifəsində çalışıb.
Onun siyasi fəaliyyətində YAP xüsusi yer tutur. İlham Məmmədov uzun müddət partiyanın Yevlax rayon təşkilatına rəhbərlik edib və 2017-ci ildə keçirilən konfransda yenidən təşkilat sədri seçilib. Sonrakı dövrdə bu vəzifədə Rafiq Əliyev fəaliyyət göstərib. İlham Məmmədov bundan əvvəl də parlamentdə təmsil olunub. O, III və IV çağırış Milli Məclisin deputatı, 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərindən sonra isə yenidən deputat mandatı qazanaraq 52 saylı Yevlax seçki dairəsini təmsil etməyə başlayıb.
Hazırda Milli Məclisin Səhiyyə, həmçinin Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvüdür. Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir, Asiya Parlament Assambleyasında da təmsil olunur.
Bir sözlə, həkimlikdən siyasətə keçən və uzun illər Yevlaxda YAP təşkilatına rəhbərlik edən İlham Məmmədovun siyasi karyerasında yeni mərhələ başlayıb. Onun YAP-ın VIII qurultayında İdarə Heyətinə seçilməsi həm parlamentdəki fəaliyyətinin, həm də partiya daxilində uzunmüddətli siyasi fəaliyyətinin fonunda diqqət çəkən qərarlardan biri olub.

