Ermənistanda son günlər nə baş verir?-Deputatdan sülh prosesi ilə bağlı MÜHÜM MESAJLARbackend

Ermənistanda son günlər nə baş verir?-Deputatdan sülh prosesi ilə bağlı MÜHÜM MESAJLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin formalaşması ilə yanaşı, tərəflərin bu prosesə siyasi yanaşması da xüsusi əhəmiyyət kəsb edir. Hazırda regionda əsas məsələ əldə edilmiş razılaşmaların praktik müstəvidə reallaşdırılması və davamlı sülh üçün zəruri siyasi mühitin qorunmasıdır. Ermənistan daxilində ayrı-ayrı siyasi dairələrin və ictimai aktorların səsləndirdiyi fərqli mövqelər isə sülh prosesinin perspektivləri baxımından diqqətlə izlənilir. Bu kontekstdə Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, sülh yalnız bəyanatlarla deyil, konkret öhdəliklərin yerinə yetirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə təmin oluna bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh məsələsi artıq uzun müddətdir müzakirə olunur:

“Biz uzun müddətdir Azərbaycanla Ermənistan arasında sülh məsələsini müzakirə edirik və artıq söhbət yalnız sülhün əldə olunmasından deyil, onun məzmunundan və əsas şərtlərindən gedir. 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında sülh sazişinin əsas məzmunu müəyyənləşdirilib və sənəd paraflanıb. Bu baxımdan Ermənistanın həmin mətndən geri çəkilməsi üçün ciddi siyasi imkanının olmadığını düşünürəm.

Ona görə də hesab edirəm ki, prinsipial baxımdan sülh prosesinin qarşısını almaq hazırda real görünmür. Əksinə, mövcud mərhələdə atılan addımların əsas istiqaməti sülhə doğru irəliləyiş kimi qiymətləndirilə bilər.

Lakin bununla paralel olaraq Ermənistanın siyasi ritorikasında müəyyən dəyişikliklərin meydana çıxması da müşahidə olunur. Bəzi açıqlamalar sülh gündəliyindən uzaqlaşma cəhdləri təsiri yaradır. Bunun səbəblərini isə biz kifayət qədər yaxşı bilirik.

Azərbaycanla Ermənistan arasında formalaşan sülh reallığı ilk növbədə regionda yaranmış yeni güc balansının nəticəsidir. Ermənistanın mövqeyində əvvəlki dövrlə müqayisədə baş verən dəyişikliklər də bunu göstərir. Biz unutmamalıyıq ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan sonradan “Qarabağ Azərbaycandır və nöqtə” reallığını qəbul edib. Bu dəyişiklik Ermənistanın siyasi mövqeyində ciddi dönüşün baş verdiyini göstərir.

Hesab edirəm ki, Azərbaycan bundan sonra da öz gücünü və müdafiə imkanlarını qorumağa məcburdur. Çünki dayanıqlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edə biləcək güclü dövlət mövqeyi ilə mümkün olacaq. Azərbaycan son illərdə məhz bu istiqamətdə ardıcıl addımlar atıb və müharibədən sonrakı dövrdə öz imkanlarını daha da genişləndirib.

Ermənistanda son günlər müşahidə olunan emosional reaksiyalara gəldikdə isə, hesab edirəm ki, burada müəyyən ictimai-siyasi və ideoloji amillərin təsiri var. Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış bəzi təsəvvürlərin reallıqla toqquşması müəyyən siyasi reaksiyalara səbəb olur.”

Millət vəkili bildirib ki, Ermənistanda milli düşüncə dini düşüncənin alt komponentidir:

 

“O da icma səviyyəsində olan düşüncədir. Ona görə görürsünüzmü, uydurma dini mifləri Azərbaycan tərəfindən ifşa edilən kimi birdən-birə sinxron olaraq ritorikaları dəyişdi. Amma məsələ milli kontekstdə olsaydı, ermənilər hələ millət kimi formalaşmadıqlarına görə bu belə olmayacaqdı.

Dini cəmiyyət kimi davranan Ermənistan, məncə, bu iki şeylə əlaqədardır: yalanların ifşa edilməsi qorxusu və onları birləşdirən dini, uydurma dini birliyin zədə görməsi. Mən düşünürəm ki, son ritorika bununla bağlıdır”.

//Gülnarə Abasova, Editor.az