Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verdiyi iddia edilir.
Editor.az xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
***
Bu gün Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, ilkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib.
Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
***
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 17-si oğlan, 4-ü qızdır.
Onlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagirdin zəhərlənməsinə mağazadan alınan “Çupa Çups” (Chupa Chups) markalı konfetin səbəb olduğu bildirilir.
Editor.az xəbər verir ki, Report-un məlumatına görə, 2013-cü il təvəllüdlü, həmin məktəbin 8-ci sinif şagirdi C.N. konfeti Saray qəsəbəsində yerləşən mağazaların birindən alıb və sinif yoldaşları ilə birgə yeyib.
Nəticədə özü və daha 20 sinif yoldaşı zəhərlənmə şübhəsi ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət edib.
Hazırda şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

