Azərbaycanda ərlə-arvada bu qadağan edilib? — HÜQUQŞÜNASIN AÇIQLAMASIbackend

Azərbaycanda ərlə-arvada bu qadağan edilib? — HÜQUQŞÜNASIN AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ər-arvadın bir-birinə etibarnamə verməsi niyə qadağan olunur? – “Boşanma ehtimalı” hüquqi əsas deyil!

Mülki dövriyyənin sürətləndiyi müasir dövrdə vətəndaşların müxtəlif dövlət və özəl qurumlarda, alqı-satqı əməliyyatlarında və ya hüquqi prosedurlarda bir-birini təmsil etməsi ən geniş yayılmış təcrübələrdən biridir. Azərbaycan qanunvericiliyinə görə, fəaliyyət qabiliyyəti olan hər bir şəxs tamamilə yad, heç bir qohumluq əlaqəsi olmayan birinə belə öz adından mülki və hüquqi addımlar atmaq səlahiyyəti verə bilir və bu proses notarial qaydada rəsmiləşdirilir. Lakin son zamanlar cəmiyyətdə və hüquq müstəvisində ən çox müzakirə olunan və vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdən biri rəsmi nikahda olan ər və arvadın bir-birinə etibarnamə vermək istəyərkən qarşılaşdıqları süni maneələrdir.

Bəzi notariat kontorlarında ər-arvadın bir-birinə etibarnamə verməsi müraciətinə rədd cavabı verilir və bu addım qanunun hər hansı birbaşa qadağası ilə deyil, tamamilə subyektiv yanaşma ilə əsaslandırılır. Notariusların gələcəkdə “boşanma ehtimalını”, tərəflərin mülkiyyət mübahisəsi yaşaya biləcəyini qabaqcadan iddia edərək vətəndaşın qanuni hüququnu məhdudlaşdırması isə hüquqşünaslar tərəfindən birmənalı qarşılanmır. Bəs qanunvericilik bu barədə nə deyir? Notariusun gələcəkdə baş verə biləcək hipotetik bir ailə daxili münaqişəni əsas gətirərək rəsmi nikahlı şəxslərin iradə azadlığına müdaxilə etməsi nə dərəcədə qanunidir?

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, rəsmi nikahda olan şəxslərin bir-birinə etibarnamə verməsində hüquqi baxımdan heç bir maneə yoxdur və bu məsələdə vətəndaşlara çətinlik yaradılması qanunsuzdur:

“Qanunvericilikdə belə bir qadağa yoxdur. Fəaliyyət qabiliyyəti olan hər bir şəxsin qanun çərçivəsində öz nümayəndəsini müəyyən etmək hüququ var və bura ailə üzvləri, o cümlədən ər və arvad da daxildir. Nəticə etibarilə, ər və arvad bir-birinə etibarnamə verə bilər və bu proses tamamilə hüquqa uyğundur”.

 

Hüquqşünas bəzi notariat orqanlarında vətəndaşlara qarşı irəli sürülən “gələcəkdə boşanma ola bilər” arqumentinin heç bir hüquqi bazasının olmadığını vurğulayıb. Onun sözlərinə görə, notarius gələcəkdə baş verə biləcək ehtimallara əsaslanaraq vətəndaşın bugünkü qanuni iradəsinə müdaxilə edə bilməz:

“Notariusların “boşanma ola bilər” deyə irəli sürdükləri ümumi imtina hüquqi əsas kimi sayıla bilməz. Hüquqda konkret faktlar və qanunun birbaşa tələbləri rol oynayır, ehtimallar yox. Əgər qanun qadağan etmirsə, gələcəkdə tərəflərin ayrıla biləcəyini bəhanə gətirib vətəndaşın hüququnu məhdudlaşdırmaq tamamilə qanunsuzluqdur. Nikahın mövcudluğu etibarnamə verilməsinə maneə yox, əksinə, tərəflər arasında qarşılıqlı etimadın göstəricisidir”.