Bolqarıstan maliyyə sabitliyini qorumaq üçün 3,8 milyard avro borc ala bilərbackend

Bolqarıstan maliyyə sabitliyini qorumaq üçün 3,8 milyard avro borc ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan hökuməti ölkədə yaranmış mürəkkəb maliyyə vəziyyətini sabitləşdirmək məqsədilə 3,8 milyard avroya qədər yeni borc cəlb etməyi nəzərdən keçirir.

Editor.az bu barədə xarici mediaya istinadən məlumat yayılıb.  

Məlumata görə, Bolqarıstanın baş nazirinin müavini və maliyyə naziri Qalab Donev bildirib ki, dövlətin qarşıdakı aylarda üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün əlavə borclanma qaçılmaz görünür. Onun sözlərinə görə, yeni maliyyə resursları olmadan hökumət bir sıra vacib ödənişləri, o cümlədən pensiyaların verilməsini təmin etməkdə çətinlik çəkə bilər.  

Ekspertlər hesab edirlər ki, ölkənin büdcə vəziyyətinə Avrozonaya qoşulduqdan sonra yaranan fiskal təzyiqlər də təsir göstərir. Bildirilir ki, ötən il Bolqarıstanın büdcə kəsiri ümumi daxili məhsulun 3,5 faizi səviyyəsinə çatıb ki, bu da Avrozonada icazə verilən 3 faizlik həddi aşır.  

Bununla əlaqədar olaraq, Avropa Komissiyasının Bolqarıstana qarşı həddindən artıq büdcə kəsiri prosedurunu işə salmağa hazırlaşdığı qeyd olunur. Bu mexanizm üzv dövlətlərin maliyyə intizamına nəzarət məqsədi daşıyır və əlavə iqtisadi tədbirlərin görülməsini tələb edə bilər.  

Mütəxəssislərin fikrincə, hökumətin planlaşdırdığı yeni borclanma qısamüddətli dövrdə dövlət öhdəliklərinin yerinə yetirilməsinə imkan versə də, uzunmüddətli perspektivdə ölkənin borc yükünün artmasına səbəb ola bilər.  

Qeyd edək ki, Bolqarıstan son aylarda büdcə kəsiri və dövlət maliyyəsinin sabitliyi ilə bağlı Avropa institutlarının diqqət mərkəzindədir.  

//Gülnarə Abasova, Editor.az