Bu məktəblərdə rus bölməsi bağlanır? – Valideynlər təlaşdabackend

Bu məktəblərdə rus bölməsi bağlanır? – Valideynlər təlaşda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Suraxanı qəsəbəsindəki 89 nömrəli tam orta məktəbdə rus bölməsi üzrə birinci siniflərə yerlərin açılmaması valideynlərin narazılığına səbəb olub. Bu barədə Musavat.com-a övladı həmin məktəbdə birinci sinfə qəbul alan Polaqaşvili Kristina Valeryevna və bir qrup valideyn müraciət edib.

Valideynlər bildirirlər ki, böyük övladları hazırda yaşadıqları Yeni Suraxanı qəsəbəsində 89 nömrəli tam orta məktəbin rus bölməsində təhsil alırlar. Digər azyaşlı övladları isə 2025-2026-cı tədris ili ərzində həmin məktəbin məktəbəqədər hazırlıq (0-cı) sinfində rus bölməsi üzrə təhsil alıb və bu il birinci sinfə qəbul üçün keçirilən əyani müsahibədən uğurla keçiblər.

Onların sözlərinə görə, Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi məktəblərə onlayn qeydiyyat prosesi zamanı gözlənilməz problemlə üzləşiblər. “Lakin təəssüf ki, nazirliyin müvafiq qurumları tərəfindən əvvəlcədən elan olunmuş məktəblərə onlayn qeydiyyat zamanı – 17.06.2026-cı il tarixdə saat 11:00-da müvafiq elektron sistemdə 89 nömrəli tam orta məktəbin rus bölməsi üzrə birinci sinif yerlərinin aktiv olmadığını gördük. Belə olan halda Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən hər iki tam orta məktəbdən – 89 və 101 nömrəli məktəblərin heç birində rus bölməsinin açılmaması iyirmidən çox ailə üçün ciddi çətinliklər yaradır”, – deyə müraciətdə qeyd olunur.

89 nömrəli tam orta məktəb... - 89 nömrəli tam orta məktəb

Valideynlər hesab edirlər ki, bu vəziyyət uşaqların təhsil alması ilə yanaşı, ailələrin gündəlik həyatına da mənfi təsir göstərir. “Eyni ailədən iki, üç, hətta dörd uşağın məktəbə getdiyini nəzərə alsaq, bu il birinci sinfə qəbul olan övladlarımız digər, uzaq qəsəbələrdə yerləşən məktəblərdə təhsil almağa məcbur qalacaqlar. Bu vəziyyət biz valideynlər üçün maddi, mənəvi və psixoloji çətinliklər yaradır. Eyni zamanda, azyaşlı uşaqların hər gün uzaq məsafə qət etməsi yol hərəkəti zamanı əlavə təhlükə riskləri formalaşdırır”, – müraciətdə vurğulanır.

Şikayətçilər aidiyyəti qurumlardan problemin həlli istiqamətində addım atılmasını istəyirlər: “Bütün bunları və Yeni Suraxanı qəsəbəsində rus bölməsi üzrə birinci sinfə getmək istəyən 20-dən çox uşağın gələcəyini nəzərə alaraq, 2026-2027-ci tədris ilində 89 nömrəli məktəbdə rus bölməsi üzrə birinci sinfin açılmasına və uşaqlarımızın öz qəsəbəmizdə təhsil almalarına köməklik göstərilməsini xahiş edirik”.

Valideynlərdən biri olan Polaqaşvili Kristina Valeryevna Musavat.com-a açıqlamasında bildirib ki, onun beş övladı var. Onlardan ikisi hazırda 89 nömrəli məktəbdə rus bölməsi üzrə 3-cü və 7-ci siniflərdə təhsil alır. Digər iki övladı isə bu il birinci sinfə başlamalıdır. O, əlavə edib ki, işlədiyi üçün övladlarını yaşadıqları ərazidən uzaqda yerləşən məktəblərə aparıb-gətirmək imkanına malik deyil.

Valideynlər ümid edirlər ki, məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və Yeni Suraxanı qəsəbəsində rus bölməsi üzrə birinci siniflərin fəaliyyətinin bərpası üçün müvafiq qərar qəbul ediləcək.

Musavat.com