Rusiyada əhalinin sürətlə qocalması və işçi qüvvəsinin azalması fonunda pensiya yaşının artırılması yenidən gündəmə gəlib. Bu tendensiya bir çox ölkələrdə sosial-iqtisadi balansın qorunması üçün atılan məcburi addım kimi qiymətləndirilir. Azərbaycanda isə demoqrafik göstəricilər, əmək bazarındakı real vəziyyət və regionlar üzrə inkişaf fərqləri fonunda oxşar risklərin olub-olmaması müzakirə mövzusuna çevrilib. Görəsən, yaxın illərdə ölkəmizdə də pensiya yaşının artırılması zərurətə çevrilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, ölkədə mövcud demoqrafik və əmək bazarı şəraitində pensiya yaşının artırılması düzgün yanaşma deyil.

“Azərbaycanda əsas problem pensiya yaşının aşağı olması yox, demoqrafik statistikanın qeyri-dəqiq aparılması və əmək bazarının düzgün tənzimlənməməsidir. Rəsmi rəqəmlər arasında ciddi uyğunsuzluqlar var: fermerlərin, dövlət və özəl sektorda çalışanların, eləcə də pensiyaçıların sayı ilə ümumi seçici sayı arasında fərq böyükdür. Bu isə ölkədə real əhali və məşğulluq göstəricilərinin tam əks olunmadığını göstərir.
İlk növbədə əhalinin dəqiq statistikası aparılmalı, ölkədə faktiki olaraq neçə nəfərin yaşadığı və əmək bazarında iştirak etdiyi aydınlaşdırılmalıdır. Mövcud qeyri-dəqiqliklər gələcəkdə əmək bazarında ciddi problemlər yarada bilər”.
İ.Ağazadə həmçinin bildirir ki, əmək bazarındakı disbalansın əsas səbəblərindən biri urbanizasiya problemidir.
“Regionlarda iş imkanlarının məhdudluğu səbəbindən əhali kütləvi şəkildə paytaxta üz tutur, bu isə Bakıda işçi qüvvəsinin sıxlığını artırır. Regionların inkişafı təmin edilmədən əmək bazarında balans yaratmaq mümkün deyil.
Pensiya yaşının artırılması əvəzinə, dövlət daha çox stimullaşdırıcı sosial siyasət həyata keçirməlidir. Bu çərçivədə uşaq müavinətlərinin verilməsi, ailələrin sosial yükünün azaldılması və təhsil xərclərinin qarşılanması kimi addımların atılması vacibdir. Eyni zamanda, qadınların pensiya yaşı kişilərlə eyni olmamalı, bu yaş həddinin daha aşağı müəyyən edilməsi daha məqsədəuyğun sayılır”.
Beləliklə, ekspertin fikrincə, Azərbaycanda yaxın illərdə pensiya yaşının artırılması üçün ciddi əsaslar yoxdur və diqqət daha çox əmək bazarının tənzimlənməsi, regionların inkişafı və demoqrafik siyasətin gücləndirilməsinə yönəldilməlidir.

