Ermənistanda keçirilmiş parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbə qazanması regionda sülh gündəliyinin gələcək perspektivləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Hazırkı mərhələdə əsas diqqət Ermənistan rəhbərliyinin seçkiöncəsi verdiyi vədləri hansı səviyyədə reallaşdıracağına, xüsusilə Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində atacağı addımlara yönəlib. Bununla yanaşı, bu proseslərin Ermənistan daxilində və xaricində hansı siyasi maneələrlə üzləşə biləcəyi də mühüm müzakirə mövzusudur.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın seçki kampaniyasının əsas xəttini Azərbaycanla sülh gündəliyi təşkil edirdi:
“Seçkilərin nəticələri Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin Azərbaycanın irəli sürdüyü regional sülh və əməkdaşlıq təşəbbüslərini dəstəklədiyini bir daha nümayiş etdirdi. Bununla belə, yeni hökumət formalaşdıqdan sonra Paşinyandan yekun sülh sazişinin imzalanması istiqamətində daha qəti və praktik addımlar atması gözlənilir.
“Şübhəsiz ki, bu proses onun üçün asan olmayacaq. Çünki parlamentdə çoxluğa malik olsa da, Konstitusiyaya dəyişikliklərin edilməsi və ya referendumun keçirilməsi ilə bağlı qərarların qəbul olunması üçün deputatların üçdəiki hissəsinin dəstəyi tələb olunur. Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə isə bu həddə malik deyil. Bu baxımdan, xüsusilə referendumun təşkili və keçirilməsi mərhələsində müəyyən çətinliklərin yaranacağı istisna edilmir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, parlamentdə təmsil olunan bəzi müxalif qüvvələr iri biznes dairələri və maliyyə resurslarına malik şəxslərlə əlaqəlidir. Belə qruplar adətən sabitlik və proqnozlaşdırılan siyasi mühitdə maraqlı olurlar. Bu səbəbdən Paşinyanın müəyyən məsələlərdə müxalifətdən olan bəzi deputatların dəstəyini qazanmaq imkanları da mövcuddur.
Təbii ki, Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması istiqamətində addımlar atıldıqca Paşinyan həm ölkə daxilindəki radikal revanşist qüvvələrin, həm də regionda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsində maraqlı olmayan xarici dairələrin təzyiqləri ilə qarşılaşa bilər. Bu baxımdan, prosesin sürətli və maneəsiz şəkildə irəliləyəcəyini gözləmək realist yanaşma olmaz.
Doğrudur, qarşıdakı mərhələ mürəkkəb olacaq. Lakin mövcud çətinliklər prosesin baş tutmayacağı anlamına gəlmir. Hesab edirəm ki, Ermənistanda referendumun keçirilməsi və Azərbaycanla yekun sülh sazişinin imzalanması müəyyən maneələr və siyasi müqavimətlə müşayiət olunsa da, ümumilikdə qaçılmaz prosesdir. Bu, həm regionda formalaşmış yeni geosiyasi reallıqlardan, həm də uzunmüddətli sabitlik və inkişaf ehtiyacından irəli gələn zərurətdir”.
//Gülnarə Abasova, Editor.az


