Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə sürətlə nüfuz etməsi ilə yanaşı, sosial şəbəkələrin cəmiyyətə, xüsusilə də gənc nəslin davranış və dəyərlər sisteminə təsiri ilə bağlı narahatlıqlar da artır. Son dövrlərdə bu platformalarda etik normaların pozulması, təhqir və dezinformasiyanın geniş yayılması ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, mövcud vəziyyət daha ciddi nəzarət və kompleks yanaşma tələb edir.
“Təəssüflə qeyd etmək lazımdır ki, son vaxtlar biz sosial medianın cəmiyyətdə əxlaq normalarına ciddi təsir göstərdiyinin şahidiyik.
Bu gün, təəssüf ki, hamı telefonun əsirinə çevrilib və getdikcə bu prosesə nəzarət də çətinləşir. Xüsusilə valideynlər uşaqlarını erkən yaşlardan telefona öyrəşdirirlər, onlara telefon verirlər, sonradan isə telefonu əllərindən almağa çalışsalar da, bunu edə bilmirlər və bununla bağlı ciddi çətinliklərlə üzləşirlər. Təəssüf ki, iki yaşından uşağa telefon verilirsə, nəzərə almalıyıq ki, sonradan onun əlindən telefonu almaq demək olar ki, qeyri-mümkün olur.
Qaldı ki, söyüş və təhqirlərə, birmənalı olaraq hesab edirəm ki, hazırda hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyət göstərirlər. Lakin prosesə nəzarət daha da gücləndirilməli, sosial şəbəkələrdə təhqir, söyüş, şəxsi həyata müdaxilə və dezinformasiya hallarının qarşısı ciddi şəkildə alınmalıdır.
Burada bir neçə istiqamətdə iş aparılmalıdır. İnzibati qaydada tədbirlər görülməlidir. İnzibati tədbirlər yetərlidirmi? Xeyr. İnzibati tədbirlərlə yanaşı, digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var. Nəzarət daha da gücləndirilməli, uşaqların bu kimi mənfi təsirlərdən daha effektiv qorunmasına çalışılmalıdır. Filtrlər tətbiq edilməli, söyüş və təhqirdən istifadə edən hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.
//Gülnarə Abasova, Editor.az


