Dietoloq xəbərdarlıq etdi: Bu xəstəlikləri olan şəxslər qarpızı ehtiyatla istehlak etməlidirbackend

Dietoloq xəbərdarlıq etdi: Bu xəstəlikləri olan şəxslər qarpızı ehtiyatla istehlak etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyrək xəstəlikləri və şəkərli diabetdən əziyyət çəkən şəxslər qarpızı həddindən artıq istehlak etdikdə sağlamlıqları üçün risk yarana bilər.

Editor.az bu barədə Primorsk diyarı Səhiyyə Nazirliyinin baş dietoloqu, tibb elmləri namizədi Olqa Yamilova məlumat verib.

Onun sözlərinə görə, qarpızın sidikqovucu təsiri böyrək xəstəlikləri və ödemə meyilli insanlarda ifrazat sisteminə əlavə yük yaradır. Bu isə orqanizmdə müxtəlif fəsadların yaranmasına səbəb ola bilər.

Mütəxəssis bildirib ki, sidik daşı xəstəliyindən əziyyət çəkən şəxslərdə qarpızın normadan artıq qəbulu daşların hərəkətə gəlməsinə və ağrılı tutmalara yol aça bilər.

Dietoloq əlavə edib ki, qarpız tərkibində təbii, tez mənimsənilən şəkərlər daşıyır və yüksək qlisemik indeksə malikdir. Bu səbəbdən şəkərli diabet xəstələrində qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsi riski var. Onun sözlərinə görə, həkim məsləhəti və qlükoza nəzarəti altında belə şəxslər üçün birdəfəlik 150–200 qram qarpız istehlakı məqbul hesab olunur.

Mütəxəssis həmçinin xatırladıb ki, sağlam yetkin insanın gün ərzində təhlükəsiz şəkildə istehlak edə biləcəyi qarpız miqdarı maksimum 800 qramdır. Birdəfəlik qəbul üçün isə 200–300 qram, yəni təxminən bir-iki dilim qarpız tövsiyə edilir.

//Gülnarə Abasova, Editor.az