Əhaliyə MÜJDƏ: MTK-ların fırıldağına SON qoyulurbackend

Əhaliyə MÜJDƏ: MTK-ların fırıldağına SON qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daşınmaz əmlak bazarında illərdir müzakirə olunan problemlərin həlli istiqamətində mühüm dəyişikliklər hazırlanır.

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi tikintisi başa çatmamış binalarda eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını almağı, dövlət qeydiyyatı prosesini xeyli sürətləndirməyi və uzun illərdir hüquqi status ala bilməyən qeydiyyatsız ev və torpaq sahələrinin rəsmiləşdirilməsinə imkan yaratmağı hədəfləyir. Layihəyə əsasən, mənzil alan şəxslərin hüquqları tikinti başa çatmadan dövlət reyestrində qeydiyyata alınacaq, daşınmaz əmlakın qeydiyyatı isə 10 iş günündən 1 iş gününə endiriləcək.

Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bəs təklif olunan dəyişikliklər tikinti sektorunda vətəndaşların ən çox üzləşdiyi problemləri həqiqətən aradan qaldıra biləcəkmi? “Təminat qeydi” mexanizmi dələduz tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfərə satmasının qarşısını tam alacaqmı?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a bildirib ki, 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanda, xüsusilə Bakı və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının tikintisi sürətlə genişlənib. Bu müddətdə minlərlə bina istifadəyə verilsə də, yüzlərlə vətəndaş fırıldaqçı tikinti şirkətlərinin qurbanına çevrilib.

Onun sözlərinə görə, statistikaya əsasən, indiyədək 5 250-dən çox vətəndaş tikinti şirkətlərinin dələduzluğu nəticəsində zərər çəkib. Ən çox rast gəlinən hallar isə eyni mənzilin bir neçə nəfərə satılması və tikintinin yarımçıq saxlanılması olub: “Bu hallar vətəndaşlarda yeni tikilən binalardan mənzil almaqla bağlı ciddi inamsızlıq yaradıb. Halbuki Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək paytaxtda 150-yə yaxın yeni çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulur. Mövcud problemlər aradan qaldırılmasa, insanlar həmin layihələrə investisiya qoymaqdan çəkinə bilərlər. Bunun qarşısını almağın ən effektiv yolu alınan mənzillərin dövlət reyestrində dərhal qeydiyyata alınmasıdır. Vətəndaş mənzili almamışdan əvvəl onun hüquqi vəziyyəti barədə rəsmi məlumat əldə edə bilsə və alqı-satqıdan dərhal sonra həmin mənzil onun adına reyestrdə qeydiyyata alınsa, eyni mənzilin bir neçə nəfərə satılması mümkün olmayacaq. Bu, həm alıcıların etimadını artıracaq, həm də tikinti sektoruna yeni investisiyalar cəlb edəcək”.

Vətəndaşları soyan MTK-lar: Yığılan pul hara gedir?

Ekspert bildirib ki, ölkədə digər ciddi problem çıxarışsız fərdi yaşayış evləri ilə bağlıdır: “Hazırda ölkədə yüz minlərlə çıxarışsız fərdi yaşayış evi var. Onların böyük hissəsi Bakı və Abşeronun payına düşür. Müxtəlif hesablamalara görə, təkcə bu ərazilərdə 500 minə yaxın çıxarışsız daşınmaz əmlak mövcuddur. Bu evlərin əksəriyyətinə vaxtilə müxtəlif dövlət qurumları tərəfindən sərəncam və digər ilkin sənədlər verilsə də, həmin sənədlərlə rəsmi alqı-satqı aparmaq mümkün deyil. Nəticədə vətəndaşlar əmlaklarını etibarnamə yolu ilə satmağa məcbur qalırlar. Bu isə qeyri-rəsmi alqı-satqıdır və gələcəkdə ciddi hüquqi problemlər yarada bilər. Əgər özəlləşdirmə yalnız vaxtilə sərəncam verilən şəxsin adına aparılarsa, faktiki istifadəçilərlə hüquqi sahiblər arasında yüz minlərlə mübahisə yarana bilər. Buna görə də sənədləşmə faktiki sahibin adına aparılmalıdır”.

Elnur Fərzəliyev vurğulayıb ki, çıxarışsız əmlaklar həm vətəndaşlara, həm də dövlətə ziyan vurur: “Rəsmi alqı-satqı olmadığı üçün dövlət büdcəsinə vergi daxil olmur, bank və notariat sistemi bu prosesdən kənarda qalır. Digər tərəfdən, çıxarışı olmayan əmlakı sığortalamaq mümkün deyil. Hər hansı hadisə baş verdikdə bütün zərəri vətəndaş özü qarşılayır. Hazırda çıxarışsız evlərin qiyməti sənədli evlərlə müqayisədə aşağıdır. Gələcəkdə bu evlər rəsmiləşdirilərsə, ipoteka ilə satıla biləcək. Bu da xüsusilə aztəminatlı ailələrin daha münasib qiymətə mənzil əldə etməsinə imkan yaradacaq. Eyni zamanda, dövlət büdcəsinə vergi daxilolmaları da əhəmiyyətli dərəcədə artacaq”.