İnsan və balıq beynində ortaq qədim mexanizm aşkarlanıbbackend

İnsan və balıq beynində ortaq qədim mexanizm aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər insan və balıq beyninin yüz milyonlarla illik təkamül fərqinə baxmayaraq məlumatları oxşar prinsip əsasında emal etdiyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Science jurnalında dərc olunub.  

Beynəlxalq tədqiqatçılar qrupu onurğalıların beyninin hiss orqanlarından daxil olan məlumatları necə emal etdiyini araşdırmaq üçün gənc zebra balıqları (danio rerio) üzərində təcrübələr aparıb. Eksperiment zamanı balıqlara növbə ilə işıq impulsları və suyun yüngül titrəyişləri tətbiq olunub, eyni vaxtda isə onların ön beynində baş verən aktivlik tam şəkildə qeydə alınıb.  

Araşdırma göstərib ki, həm balıqlarda, həm də insanlarda beyin əvvəlcə müxtəlif hiss orqanlarından gələn siqnalları ayrı-ayrılıqda emal edir, daha sonra isə onları birləşdirərək ətraf mühit haqqında vahid təsəvvür formalaşdırır. Fərq yalnız bu prosesi həyata keçirən beyin strukturlarındadır. Məməlilərdə əsas rolu talamus oynadığı halda, balıqlarda bu funksiyanı preqlomerulyar kompleks yerinə yetirir. Buna baxmayaraq, hər iki struktur demək olar ki, eyni vəzifəni icra edir.  

Tədqiqat zamanı alimlər yalnız iki müxtəlif siqnal eyni anda daxil olduqda aktivləşən xüsusi neyronlar da aşkar ediblər. Məsələn, işıq və titrəyiş eyni vaxtda qəbul edildikdə bu hüceyrələr fəaliyyət göstərir, ayrı-ayrı siqnallara isə demək olar ki, reaksiya vermirlər. Mütəxəssislərin fikrincə, məhz bu neyronlar beynin müxtəlif hissiyyat məlumatlarını eyni hadisə ilə əlaqələndirməsinə imkan yaradır. Beləliklə, insan beyni ildırım çaxması ilə göy gurultusunu eyni hadisənin tərkib hissəsi kimi qəbul edə bilir.  

Bundan əlavə, tədqiqat beynin məlumat emalında müəyyən iyerarxiyanın mövcud olduğunu da üzə çıxarıb. Ön beynin arxa hissələrində ayrı-ayrı siqnallara cavab verən hüceyrələr yerləşdiyi halda, ön hissəyə yaxın bölgələrdə müxtəlif hiss orqanlarından gələn məlumatları birləşdirən neyronlar üstünlük təşkil edir.  

Alimlər hesab edirlər ki, bu nəticələr onurğalıların beyninin təşkilində qədim təkamül prinsipinin bu günə qədər qorunub saxlandığını təsdiqləyir. Onların qənaətincə, insanlar və balıqlar fərqli təkamül yolu keçsələr də, sinir sistemi ətraf aləmi qavramaq üçün hələ də eyni əsas alqoritmdən istifadə edir: əvvəlcə hissiyyat məlumatlarını ayırır, sonra isə onları vahid mənzərədə birləşdirir. 

//Gülnarə Abasova, Editor.az