Zelenskinin çağırışı Qərbin qərarını dəyişəcək? – Politoloqdan açıqlamabackend

Zelenskinin çağırışı Qərbin qərarını dəyişəcək? – Politoloqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda mülki obyektlərin hədəfə alınması beynəlxalq ictimaiyyətin narahatlığını daha da artırıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumları zamanı yaşayış binalarının, xəstəxanaların və sərnişin avtobuslarının vurulduğunu bildirərək, Moskvanın müharibəni başa çatdırmaq niyyətində olmadığını bəyan edib. O, Rusiyaya qarşı təzyiqlərin artırılmasına, yeni sanksiyaların tətbiqinə, Ukraynaya əlavə hərbi yardım paketlərinin ayrılmasına və Avropanın hava-raketdən müdafiə imkanlarının gücləndirilməsinə çağırış edib. Mövcud vəziyyətin beynəlxalq münasibətlərə və müharibənin gedişinə mümkün təsirlərini Editor.az-a şərh edən politoloq Oqtay Qasımov proseslə bağlı fikirlərini bölüşüb.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, mülki obyektlərə hücumlarla bağlı Volodimir Zelenskinin səsləndirdiyi fikirlər mövcud reallıqları əks etdirir. Onun sözlərinə görə, bu açıqlama eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışdır və məqsəd Rusiyaya qarşı təzyiqlərin daha da artırılmasına nail olmaqdır.

“Çünki Ukraynanın son bir neçə ay ərzində həyata keçirdiyi hücumlar Rusiya üçün kifayət qədər ciddi problemlər yaradıb. Rusiya isə buna cavab olaraq mülki obyektləri hədəfə almaqla müəyyən mənada qisas almağa çalışır. Təbii ki, Ukraynaya beynəlxalq dəstək getdikcə güclənir. Son NATO sammitində də 2026–2027-ci illər üçün Ukraynaya 40 milyard dollarlıq yardım paketinin ayrılması təsdiqlənib. Bu yardım Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və döyüş meydanında mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mülki obyektlərin bombalanması isə Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurur və onun daha geniş beynəlxalq qınaqla üzləşməsinə səbəb olacaq. Bu proses Rusiyaya qarşı tətbiq olunan sanksiyaların daha da genişləndirilməsini sürətləndirə bilər ki, bu da nəticə etibarilə Rusiyanın öz maraqlarına ziddir. Eyni zamanda, Ukraynaya göstərilən siyasi və hərbi dəstəyin artmasına da təkan verəcək. Ümumilikdə, Rusiyanın bu cür addımları onun beynəlxalq mövqeyinin zəifləməsinə, Ukraynanın isə beynəlxalq dəstəyinin müəyyən qədər güclənməsinə səbəb olan amillərdən biridir”.

//Gülnarə Abasova, Editor.az