Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edib.
Editor.az xəbər verir ki, Əlcəzair dövlət televiziyasının məlumatına görə, qərar iki ölkə arasındakı münasibətləri qorumaq üçün bütün diplomatik imkanların tükənməsindən sonra verilib.
Əlcəzair tərəfi BƏƏ-nin son dövrlərdə artan “təxribatçı və düşmənçilik xarakterli addımlarına” qarşı uzun müddət təmkin nümayiş etdirdiyini və münasibətlərin qorunması üçün bütün mümkün vasitələrdən istifadə etdiyini bildirib.
Açıqlamada qeyd olunub ki, Əlcəzair BƏƏ tərəfinə dəfələrlə xəbərdarlıq edib və sözügedən addımların iki suveren dövlət arasındakı münasibətlər çərçivəsində artıq “qəbul edilə, dözülə və cavabsız buraxıla biləcək həddi aşdığı” vurğulanıb.
Bildirilib ki, iki ölkə arasındakı münasibətlərin qorunması istiqamətində bütün diplomatik imkanların tükənməsi Əlcəzair hökumətini BƏƏ ilə diplomatik əlaqələri dayandırmaq qərarına gətirib.
Qərarın rəsmi şəkildə BƏƏ tərəfinə çatdırılması üçün Əlcəzairdəki BƏƏ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə qərara əməl edərək ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
Xatırladaq ki, Əlcəzair 2026-cı ilin fevralında BƏƏ ilə 2013-cü ildə imzalanmış hava xidmətləri haqqında sazişin ləğvi ilə bağlı rəsmi prosedurlara başladığını açıqlamışdı.
//Gülnarə Abasova, Editor.az

