Rusiya və Ukrayna oktyabrın 23-də hərbi əsirlərin növbəti mübadiləsini həyata keçiriblər.
Editor.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, hər iki tərəf 270 nəfəri geri qaytarıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynaya qaytarılanlar arasında doqquz mülki şəxs də var. Azad edilən hərbçilərin əksəriyyəti 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumunun başlanmasından bəri əsirlikdə saxlanılırdı.
Geri qaytarılanlar arasında 2022-ci ilin iyulunda Olenivkadakı əsir düşərgəsində baş vermiş partlayışdan sağ çıxan beş ukraynalı da olub.
Həmin hadisə ilə bağlı tərəflər bir-birini ittiham etmiş, hadisənin məsuliyyəti barədə fərqli mövqelər səsləndirmişdilər.
Rusiya tərəfi də öz hərbçilərinin Belarusda olduğunu və onların ölkəyə qaytarılmazdan əvvəl tibbi və psixoloji yardım alacaqlarını açıqlayıb.
Əsir mübadiləsi müharibə davam etdiyi şəraitdə Moskva ilə Kiyev arasında əlaqələrin saxlanıldığı azsaylı sahələrdən biri olaraq qalır.
//Samir Qurbanov, Editor.az

