TikTok Azərbaycanda tamamilə bağlana bilərmi?-Diqqətçəkən AÇIQLAMAbackend

TikTok Azərbaycanda tamamilə bağlana bilərmi?-Diqqətçəkən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məktəblərdə TikTok-a girişin məhdudlaşdırılması fonunda sosial şəbəkələrdə platformanın ölkə üzrə tamamilə bağlanmasını istəyənlərin sayı da diqqət çəkir.

Maraqlıdır, bu çağırışlar cəmiyyətdə hansı narahatlıqlardan qaynaqlanır? TikTok-un ölkə üzrə bağlanması uşaqların və yeniyetmələrin sosial şəbəkələrin mənfi təsirlərindən qorunması üçün nə dərəcədə effektiv addım olardı, yoxsa bu istiqamətdə daha fərqli yanaşmalara ehtiyac var?

Sosioloq Üzeyir Şəfiyev Editor.az-a açıqlamasında bildirib ki, bu, bir qədər gecikmiş, amma təqdirəlayiq addımdır:

“Çünki TikTok-da sarı informasiyalar, əxlaqsız və hüquqazidd paylaşımlar çoxdur. Buna görə də ya süzgəc mexanizmi tətbiq olunmalıdır, ya da Azərbaycan hökuməti ilə TikTok operatorları arasında müqavilə bağlanmalıdır. Belə bir filtrasiya mexanizmi yaradılmalıdır ki, bu cür paylaşımlar platformada yer almasın və ya məhdudlaşdırılsın.

Güman edirəm ki, bu, kifayət qədər rasional addımdır. TikTok Çində yaradılıb, lakin Çinin özündə bu platformanın fəaliyyətinə imkan verilmir. Onun alternativindən, analoqundan istifadə olunur. Göründüyü kimi, TikTok-da uşaq və yeniyetmələrin sosiallaşmasına mənfi təsir göstərən kifayət qədər paylaşımlar var.

Mən bu addımı təqdir edirəm, alqışlayıram. Burada gənclərin və yeniyetmələrin əxlaqına, davranışlarına mənfi təsir göstərən çoxsaylı çağırışlar və paylaşımlar mövcuddur. Hesab edirəm ki, bu addım çoxdan atılmalı idi.

Eyni zamanda düşünürəm ki, bu qərar cənab Prezidentin 27 fevral 2026-cı il tarixində rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli kontentdən və informasiyadan qorunması ilə bağlı verdiyi sərəncamın ruhuna da uyğundur. Çünki həmin sərəncamda hüquqazidd və əxlaqa zidd paylaşımların uşaq və yeniyetmələrin sosiallaşmasına mənfi təsirindən bəhs olunur.

Hesab edirəm ki, bu cür paylaşımlar yalnız uşaqlara və yeniyetmələrə deyil, bütövlükdə ailələrə də mənfi təsir göstərir, ailə institutunun deqradasiyasına zəmin yaradır.

Bu addım yalnız alqışlanmalı və təqdirəlayiq hesab edilməlidir. Çünki platformada məsuliyyətsiz paylaşımlar mövcuddur və onların qarşısını almağın yollarından biri də platformanın fəaliyyətinin məhdudlaşdırılmasıdır”.

//Gülnarə Abasova, Editor.az