Elzaya görə məhkəmə: iki nəfər məhkəmə qarşısındabackend

Elzaya görə məhkəmə: iki nəfər məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vətəndaşların qızıllarını mənimsəməkdə ittiham olunan, “Lombard Xəyal” kimi tanınan Xəyal Abdullayev və onun köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İclasda təqsirləndirilən şəxsin atası və digər təqsirləndirilən şəxs ifadə verib. Məhkəmədə lombardın fəaliyyəti, kassaya nəzarət və müştərilərə qaytarılmadığı bildirilən qızıllarla bağlı diqqətçəkən məqamlar açıqlanıb.

Editor.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən A.Q. təqsirləndirilən Xəyal Abdullayevin atası olduğunu bildirib.

O, bir müddət oğluna məxsus lombardda nəzarətçi işlədiyini deyib:

“ Mən Xəyalın lombardında nəzarətçi olmuşam. 2022-ci ildə oradan ayrıldım. Daha sonra Xəyal həbs edildi, 2023-cü ildə azadlığa çıxdı. Pul məsələlərinə Xəyal və Fərid Abuzərli nəzarət edirdi. 2024-cü ildə oğlum yenidən həbs olundu. Buna səbəb kimi vətəndaşların qızıllarının satılması göstərilirdi. Fərid də kassaya baxır, müştərilərdən pulları qəbul edirdi”.

Prosesdə daha sonra təqsirləndirilən Fərid Abuzərli ifadə verib. O, 2019-cu ildən etibarən Bakının 9-cu mikrorayonunda yerləşən lombard filialında operator kimi fəaliyyətə başladığını bildirib.

Abuzərlinin sözlərinə görə, Xəyal Abdullayevi uşaqlıqdan tanıyıb və ailələri arasında yaxın münasibət olub. Bir müddət sonra kassir vəzifəsində çalışıb.

O, Xəyal Abdullayevin 2022-ci ildə həbs olunmasından sonra lombardın 80 min manat borcunun qaldığını və müştərilərə məxsus qızılların qaytarılmasında çətinlik yarandığını iddia edib. Xəyal azadlığa çıxdıqdan sonra isə bir müddət qızılların sahiblərinə qaytarıldığını söyləyib.

Fərid Abuzərli bildirib ki, lombardın VÖEN-i onun adına olsa da, əsas qərarları özü verməyib. O, kassada pul qəbul etdiyini, lakin faktiki rəhbər olmadığını iddia edib.

Təqsirləndirilən şəxs istintaq zamanı adına üç sənəd rəsmiləşdirildiyini öyrəndiyini, həmin sənədlər vasitəsilə qızılların götürülməsindən əvvəl xəbərsiz olduğunu da söyləyib.

Abuzərli 2025-ci ilin mayında saxlanıldığını, buna əsas səbəblərdən birinin lombardın VÖEN-inin onun adına olması olduğunu bildirib.

O, əməkhaqqının əvvəlcə 400 manat, daha sonra 500 manat, son mərhələdə isə 800 manat təşkil etdiyini qeyd edib.

İttihama əsasən, təqsirləndirilən şəxslər tanışlarının adına saxta sənədlər hazırlayaraq onlardan pul müqabilində qızıl alıblar.

Bundan başqa, investor cəlb etmək üçün müxtəlif sənədlərin saxtalaşdırıldığı və həmin sənədlərdən şəxsi məqsədlər üçün istifadə edildiyi bildirilir.

İş materiallarına görə, bir sıra vətəndaşlar lombarda olan borclarını ödəsələr də, girov qoyduqları qızılları geri ala bilməyiblər.

Cinayət işi üzrə ümumilikdə 31 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşlara vurulduğu iddia edilən maddi ziyanın məbləği isə bir milyon manata yaxındır.

Zərərçəkənlər arasında Əməkdar artist, bəstəkar Elza Seyidcahan və jurnalist Elnarə Kərimova da var.

Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq), eləcə də 320.2-ci maddəsi (rəsmi sənədlərin saxtalaşdırılması və ya saxta sənədlərdən istifadə) ilə ittiham olunur.

Fərid Abuzərli isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) ilə ittiham edilir. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Növbəti məhkəmə iclası noyabrın 20-də saat 14:30-a təyin edilib.