Rusiyanın bir neçə bölgəsində təhlükəli infeksiya ilə bağlı narahatedici vəziyyət yaranıb. Siçan qızdırmasına yoluxanların sayı 1 500 nəfəri ötüb. Mütəxəssislər xüsusilə payız aylarında insanların gəmiricilərlə təmas zamanı ehtiyatlı olmasının vacibliyini bildirirlər.
Məlumata görə, infeksiyaya yoluxma halları Nijni Novqorod və Saratov vilayətlərində, eləcə də Tatarıstan, Başqırdıstan və Udmurtiyada qeydə alınıb. Ümumilikdə 1 512 nəfərdə xəstəlik təsdiqlənib.
Mütəxəssislər infeksiyanın yayılmasında mövsümi amilin mühüm rol oynadığını bildirirlər. Payızda havaların soyuması ilə gəmiricilər isti yerlər axtararaq yaşayış evlərinə, bağ evlərinə və yardımçı tikililərə daxil olmağa çalışırlar.
Bu zaman insanların siçanların ifrazatları ilə təmas ehtimalı artır. Xüsusilə uzun müddət bağlı qalmış bağ evlərinin, anbarların və digər məkanların təmizlənməsi zamanı yoluxma riski yarana bilər.
Təhlükə yalnız gəmiriciyə toxunmaqla məhdudlaşmır. Onların ifrazatları ilə çirklənmiş tozun təmizlik zamanı havaya qalxması və nəfəs yollarına daxil olması da infeksiyaya səbəb ola bilər.
Bu əlamətlər varsa, diqqətli olun!
Siçan qızdırması insanlarda bir sıra ciddi simptomlarla özünü göstərə bilər. Əsas əlamətlər bunlardır:
Yüksək hərarət;
Güclü baş ağrısı;
Qarın və bel nahiyəsində ağrılar;
Əzələ ağrıları;
Üz və bədənin yuxarı hissəsində qızartılar.
Xəstəlikdən şübhələndikdə özbaşına müalicə aparmaq əvəzinə həkimə müraciət etmək vacibdir. Siçan qızdırması bəzi hallarda böyrəklərə ciddi təsir göstərə bilən infeksiyadır.
Bağ evlərini təmizləyənlərə XƏBƏRDARLIQ
Yoluxma ehtimalını azaltmaq üçün mütəxəssislər bir sıra təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edirlər:
Uzun müddət bağlı qalmış otaqları təmizləyərkən qoruyucu maskadan istifadə edin.
Gəmiricilərə, onların yuvalarına və ifrazatlarına çılpaq əllə toxunmayın.
Tozun havaya qalxmasına səbəb olan quru süpürmə və təmizləmə üsullarından çəkinin.
Çirklənmiş səthləri uyğun dezinfeksiyaedici vasitələrlə təmizləyin.
İş bitdikdən sonra əllərinizi sabunla yaxşıca yuyun.
Qeyd edək ki, siçan qızdırması ilə bağlı yayılan məlumatlar Rusiyanın ayrı-ayrı bölgələrinə aiddir. Bu rəqəmlər Azərbaycanda yoluxma hallarının artması demək deyil.

