“Pulsuz hüquqi yardım haqqında qanun layihəsini cəmiyyətimiz üçün olduqca vacib və sosial əhəmiyyətli təşəbbüs hesab edirəm. Çünki hüquq yalnız qanunlarda təsbit olunan normalar deyil, həm də vətəndaşın öz hüquqlarını bilməsi və müdafiə edə bilməsidir”.
Editor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputatRazi Nurullayev deyib.
“Bu gün elə insanlar var ki, hüquqları pozulduğu halda hara müraciət edəcəyini, şikayətini necə hazırlayacağını bilmir. Bəzən vətəndaş haqlı olsa da, hüquqi savadsızlığı və maddi imkansızlığı səbəbindən öz haqqını müdafiə edə bilmir. Vəkil xidmətindən istifadə etmək isə hər kəsin imkanı daxilində deyil.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm: hüquqi savadsızlıq bəzən insanın öz hüququnun pozulduğunu belə anlamaması deməkdir. Əmək münasibətlərində, əmlak və ailə məsələlərində, sosial təminat sahəsində insanlar çox vaxt hansı hüquqlara malik olduqlarını bilmirlər. Ona görə də hüquqi yardım yalnız məhkəmədə müdafiə ilə məhdudlaşmamalı, ilkin hüquqi məsləhət və düzgün istiqamətləndirməni də əhatə etməlidir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, qanunun tətbiqində bir neçə məsələyə diqqət yetirilməlidir:
“İlk növbədə, pulsuz hüquqi yardım formal prosedura çevrilməməli, vətəndaş çoxsaylı sənədlər toplamaq məcburiyyətində qalmamalıdır. İkincisi, xidmətin keyfiyyəti təmin olunmalıdır. Pulsuz hüquqi yardım keyfiyyətsiz hüquqi yardım demək deyil. Vəkillərin əməyinin adekvat maliyyələşdirilməsi də vacibdir ki, keyfiyyətli hüquqi yardım göstərsinlər və bu sadəcə formal prosesə çevrilməsin. Pulsuz hüquqi yardımın keyfiyyətinin də ildə iki dəfə yoxlanılması vacib şərtlərdəndir ki, çatışmazlıqlar və boşluqlar aradan qaldısırlsın.
Digər mühüm məsələ regionlardır. Hüquqi yardım Bakı ilə məhdudlaşmamalı, ucqar kəndlərdə yaşayan vətəndaşlar da bu xidmətdən rahat yararlanmalıdır. Mobil hüquqi yardım xidmətləri və rayonlarda hüquqi yardım mərkəzlərinin yaradılması bu baxımdan faydalı olardı. Internet üzərindən rəqəmsal göstərilən xidmətlərin əlçatan və sadə prosedurlarla tənzimlənməsi də çox vacibdir.
Fikrimcə, bu qanunun əsas məqsədi sadəcə pulsuz vəkil xidməti yaratmaq deyil. Əsas məqsədlərdən biri də vətəndaşda hüquqa və ədalətə inamı gücləndirmək, ona dövlət qarşısında tək olmadığını hiss etdirməkdir.
İnanıram ki, bu qanun hüquqi dövlət quruculuğuna, sosial ədalətin möhkəmlənməsinə və vətəndaşların hüquq qarşısında bərabər imkanlarının genişlənməsinə mühüm töhfə verəcək”.

