Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən özəl uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq göstərildiyini əks etdirən görüntülər ciddi narazılığa səbəb olub. Valideynlər müəssisənin rəhbərliyindən şikayət edərək uşaqlarının həm fiziki, həm də psixoloji təzyiqlə üzləşdiyini iddia edirlər. Hadisə ilə bağlı artıq cinayət işi başlanılıb.
Editor.az Qafqazinfo və Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Badamdar qəsəbəsində fəaliyyət göstərən “EOS Junior” uşaq inkişaf mərkəzindən gedir.
Sosial şəbəkələrdə yayılan və “Xəzər Xəbər”də nümayiş etdirilən kadrlarda bir qadının azyaşlı uşağa qarşı kobud davrandığı görünür. Görüntülərdə onun uşağın qolundan tutaraq divara vurduğu, daha sonra isə divanda əyləşərək azyaşlı ilə kobud rəftar etdiyi əks olunub.
Valideynlərin iddiasına görə, uşaqlara qarşı zorakılıq edən şəxs müəssisənin direktorudur. Onlar həmin qadınla bağlı əvvəllər də dəfələrlə şikayət etdiklərini, lakin buna baxmayaraq, oxşar halların davam etdiyini bildiriblər.
Şikayətçi valideynlərin sözlərinə görə, onlar hər uşaq üçün bağçaya aylıq 200 manat ödəniş ediblər. Buna baxmayaraq, övladlarına lazımi diqqət və qayğının göstərilmədiyini iddia edirlər.
Valideynlər uşaqlarının müəssisədə olduqları müddətdə ciddi psixoloji sarsıntı keçirdiklərini, bağçada baş verənlərdən sonra davranışlarında dəyişikliklər müşahidə etdiklərini bildiriblər.
Onların sözlərinə görə, müəssisə rəhbəri ilə bağlı əvvəllər də analoji narazılıqlar səsləndirilib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da açıqlama verib.
O bildirib ki, yayılan görüntülərdən sonra Komitə tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət olunub.
Qurum rəsmisinin sözlərinə görə, hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi başladıb. Hazırda baş verənlərin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində istintaq tədbirləri aparılır.
Teymur Mərdanoğlu uşaqlara qarşı istənilən formada zorakılığın yolverilməz olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir uşağın təhlükəsiz şəraitdə böyümək, hüquqlarının və qanuni mənafelərinin qorunmasını tələb etmək hüququ var.
Hadisə ilə bağlı araşdırma davam edir.

