“Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyəti özünün ali niyyətlərindən biri kimi müəyyən edib. Azərbaycanın tələbləri çox sadədir, münasibətlərin xarakterindən, dostluq, müttəfiqlik dərəcəsindən, asılı olmayaraq heç bir dövlət digər dövlətin daxili yurisdiksiyasında olan məsələlərə qarışmamalıdır”.
Editor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
“O cümlədən, öz gücü hesabına hərbi-siyasi reallıqlar yaradan, regionda ən möhkəm ictimai-siyasi sabitliyi və ən dayanıqlı asayişi təmin etmiş Azərbaycan daxili məsələlərində heç kimi məsləhət, tövsiyyə və proteksiyasına ehtiyac duymur. Təriqətlərin, sektaların, mafioz qrupların əlində əsirə çevrilən dövlətlərdən fərqli olaraq İlham Əliyev Azərbaycanı yeganə mütləq gücün dövlətin özü olduğu, haqqı ədaləti öz gücü hesabına təmin etmiş, ümumbəşəri dəyərləri rəhbər tutan bir qüdrət sahibinə çevirib”, – deyə o qeyd edib.
Deputat bildirib ki, Azərbaycan artıq “Ortaq gələcək naminə dialoq”un ev sahibliyini edir:
“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ritorikası da göstərdi ki, bizdən öyrəniləcək şeylər bizim öyrənəcəklərimizdən daha çoxdur. Bu gün bəşəri dəyərlərdən danışan amma reallıqda mədəni, dini müxtəlifliklərə təsir aləti, təzyiq rıçağı kimi baxan qüvvələr mədəni-dini-etnik rəngarəngliyin birlik bərabərlik simvoluna necə çevrilə bilər, Azərbaycandan öyrənə bilərlər. Prezidentin də ifadə etdiyi kimi, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər ölkəmizin müharibəyə son qoymaq təcrübəsini öyrənməlidirlər.
Bizə aydın idi ki, regionda yaranan yeni reallığın qəbullanılması asan olmayacaq, amma proseslərin gedişi onu deməyə əsas verir ki, Bakı gedişata nəzarəti öz əlində saxlaya bilir. Bizə münasibətdə kifayət qədər radikal mövqedə dayanan subyektlərin artıq mövqelərini dəyişməyə başlayıb. Məsələn, Azərbaycana ən çox hücumlar edən subyektlərdən biri olan Niderlandın xarici işlər naziri artıq regionda sülh və sabitliyin bərqərar olunmasında şəxsən cənab İlham Əliyevin rolunu rəsmən bəyan edərək ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayır. O cümlədən, AQEM-in Bakı zirvəsi və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səslənən tezislər onu deməyə əsas verir ki, hər kəs anlayır ki, Cənubi Qafqazda maraqlarını Azərbaycana qarşı yox, Azərbaycanla bərabər təmin etmək daha faydalıdır.
Düzdür, antimilli ünsürlər indi yeni bir tezis irəli sürür, Viktor Orbanın, Aleksandr Vuçiçin timsalında Azərbaycanın müttəfiqlərinin hakimiyyətdən gedişini bizim üçün “uğursuzluq” hekayəsinə çevirmək istəyirlər və hətta bunu fürsət düşdükcə Qərbin sarı mediasında tirajlayırlar. Amma neftin qiymətinin ucuzlaşmasını bayram edən və ixtiyarı öz əlində olmayan bir təfəkkürdən zatən başqa bir gözləntimiz də yoxdur. Bəli, müttəfiq dövlətlərdə hakimiyyətdə kimin olması əlbəttə önəmsiz deyil, amma daha vacibi odur ki, bizim xarici siyasət kursu xaricdə kimin iqtidarda olmasından da asılı deyil və yalnız beynəlxlaq hüquqa və milli mənafelərə əsaslanır. Prezident İlham Əliyev isə Azərbaycanı ehtiyac duyulan elə gücə çevirib ki, kim Qafqaz və Mərkəzi Asiyanı da əhatələyən böyük bir regionda marağını təmin etmək istəyirsə, mütləq bizimlə hesablaşmağa məhkumdur”.

