Payız aylarında gözlərdə yorğunluq, quruluq və yanma hissinin artmasının əsas səbəblərindən biri isitmə sistemlərinin yaratdığı quru havadır.
Editor.az xəbər verir ki, bu barədə oftalmoloq, tibb elmləri namizəd Anton Kazantsev açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, payızda gündüz saatlarının qısalması və qapalı məkanlarda təbii işığın azalması süni işıqlandırmadan daha çox istifadəni zəruri edir. Xüsusilə buludlu havalarda parlaq ekran qarşısında işləmək, eyni zamanda ətraf mühitin zəif işıqlandırılması gözlərdə narahatlıq yarada bilər.
Kazantsev qeyd edib ki, göz yorğunluğu görmənin geri dönməz şəkildə pisləşməsi demək deyil. Bu, iş şəraitinin gözlər üçün əlverişli olmadığını göstərən siqnaldır.
Oftalmoloq göz sağlamlığını qorumaq üçün iş yerində yumşaq və bərabər işıqlandırmanın təmin edilməsini tövsiyə edir. İş masasının mümkün qədər pəncərəyə yaxın yerləşdirilməsi, sənədlərlə işləyərkən isə masa lampasından istifadə olunması məqsədəuyğundur. İşıq birbaşa gözlərə düşməməli və monitorun ekranında əks olunmamalıdır.
Mütəxəssisin sözlərinə görə, monitorla gözlər arasındakı məsafə 50–70 santimetr olmalı, ekranın yuxarı kənarı isə göz səviyyəsində və ya bir qədər aşağıda yerləşməlidir. Ekranın parlaqlığı da otaqdakı işıqlandırmaya uyğun tənzimlənməlidir.
Payız aylarında göz quruluğunu artıran digər amil isitmə sistemləridir. Quru hava və elektron cihazlardan istifadə zamanı göz qırpma tezliyinin azalması göz səthini örtən gözyaşı təbəqəsinin daha sürətlə buxarlanmasına səbəb olur. Nəticədə gözlərdə quruluq və qum dənəcikləri varmış kimi narahatlıq hissi yarana bilər.
Kazantsev uzun müddət ekran qarşısında işləyənlərə “20-20-20” qaydasına əməl etməyi məsləhət görür. Bu qaydaya əsasən, hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr və ya daha uzaq məsafədə yerləşən obyektə baxmaq lazımdır. Həmçinin telefon və digər elektron cihazlardan istifadə etmədən müntəzəm fasilələr vermək vacibdir.
Həkim xəbərdarlıq edib ki, gözlərdə narahatlıq davamlı xarakter alarsa, ağrı, işıq çaxmaları və ya görüntünün təhrif olunması müşahidə edilərsə, oftalmoloqa müraciət etmək lazımdır.
Mütəxəssis vurğulayıb ki, payız aylarında gözlərin sağlamlığını qorumaq üçün xüsusi rejimdən daha çox, rahat iş şəraiti və düzgün işıqlandırma təmin edilməlidir.
//Gülnarə Abasova, Editor.az

