29–30 oktyabr tarixlərində Ankarada Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü keçirilib. Tədbir çərçivəsində Türkiyə təşkilatın sədrliyini Azərbaycandan təhvil alıb. Lakin sammitdə Prezident İlham Əliyevin iştirak etməməsi və Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi diqqət çəkib. Rəsmi məlumata görə, dövlət başçısının tədbirdə iştirak etməməsi əvvəlcədən planlaşdırılmış iş qrafiki ilə bağlı olub. Bununla belə, son günlər Azərbaycan və Türkiyə arasında bəzi məsələlərlə bağlı səsləndirilən qarşılıqlı fikirlər bu qərarın siyasi tərəfləri ətrafında müzakirələri gücləndirib. Digər tərəfdən, hər iki ölkənin strateji müttəfiqliyi və regional maraqları münasibətlərin gələcəyi ilə bağlı suallar doğurur.
Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən 13-cü Zirvə görüşündə iştirak etməməsini Azərbaycan-Türkiyə münasibətlərində soyuqluğun yaranmasının birbaşa göstəricisi kimi qiymətləndirmək düzgün olmaz:
“Dövlət başçısının iştirak etməməsi ilə bağlı əvvəlcədən planlaşdırılmış iş qrafiki əsas gətirilib və Azərbaycanın tədbirdə xarici işlər naziri səviyyəsində təmsil olunması təmin edilib. Bununla belə, son dövrlərdə Türkiyənin müəyyən siyasi və ictimai dairələrindən Azərbaycanın daxili məsələləri ilə bağlı səsləndirilən fikirlərin ictimai müzakirələrə səbəb olduğunu da nəzərə almalıyıq. Azərbaycan müstəqil dövlətdir və onun təhsil, dünyəvilik, dini etiqad azadlığı və digər daxili məsələlərlə bağlı qərarları öz konstitusion və hüquqi çərçivəsində qəbul edilir. Qardaşlıq münasibətləri dövlətlərin suverenliyinə və daxili işlərinə qarşılıqlı hörməti istisna etmir, əksinə, bunu zəruri edir. Azərbaycanla Türkiyə arasında müəyyən məsələlərə yanaşma fərqlərinin olması mümkündür, lakin ayrı-ayrı siyasi dairələrin açıqlamalarını Türkiyə dövlətinin rəsmi mövqeyi ilə eyniləşdirmək doğru deyil. Eyni zamanda, dövlət başçısının bir beynəlxalq tədbirdə iştirak etməməsi əsasında iki ölkə arasında siyasi böhran yaşandığı qənaətinə gəlmək üçün kifayət qədər əsas yoxdur.
Azərbaycan-Türkiyə münasibətləri yalnız siyasi liderlərin şəxsi əlaqələrinə deyil, Şuşa Bəyannaməsi ilə möhkəmləndirilmiş strateji müttəfiqliyə, ortaq təhlükəsizlik maraqlarına, enerji və nəqliyyat layihələrinə, eləcə də türk dünyasının inteqrasiyası istiqamətində uzunmüddətli əməkdaşlığa əsaslanır. Bu baxımdan, münasibətlərin gələcəyini ayrı-ayrı tədbirlərdə iştirak səviyyəsi ilə deyil, dövlətlərin strateji qərarları və birgə fəaliyyətinin davamlılığı ilə qiymətləndirmək lazımdır. Xüsusilə Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi Türkiyəyə təhvil verməsi təşkilat daxilində əməkdaşlığın davamlılığını göstərən mühüm institusional prosesdir. Ankarada keçirilən xarici işlər nazirləri toplantısında Ceyhun Bayramovun iştirakı və Azərbaycanın sədrliyi dövründə görülən işlərin təqdim olunması da bu əməkdaşlığın davam etdiyini təsdiqləyir. Hesab edirəm ki, Bakı ilə Ankara arasında münasibətlərin əsasını təşkil edən qarşılıqlı etimad və strateji maraqlar hər iki tərəf üçün istənilən fikir ayrılığından daha böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, qardaşlıq münasibətlərinin qorunması yalnız Azərbaycanın deyil, Türkiyənin də siyasi dairələrindən məsuliyyətli yanaşma tələb edir. Azərbaycanla münasibətlərə Türkiyənin daxili siyasi mübarizəsinin prizmasından yanaşılması uzunmüddətli strateji tərəfdaşlığın maraqlarına xidmət etmir”.
//Gülnarə Abasova, Editor.az

