Həddindən artıq yemək bir çox hallarda insanın emosional vəziyyəti ilə əlaqəli olur. Darıxmaq, ruh düşkünlüyü, depressiya, stress və tənhalıq insanı ehtiyacından artıq qida qəbul etməyə sövq edə bilər. Belə hallardan sonra isə insanda günahkarlıq və utanc hissi yaranır.
Editor.az xəbər verir ki, bu barədə FitStars platformasının aparıcı məşqçisi, adaptiv bədən tərbiyəsi və idman üzrə mütəxəssis Olqa Derendeyeva-Kurtova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, impulsiv yemək davranışı kompulsiv həddindən artıq yeməkdən fərqlənir. Belə hallar, əsasən, konkret situasiyaların təsiri ilə baş verir. Məsələn, yeməyin xoş qoxusu, reklamlar, dostlarla görüşlər və ya süfrə arxasında keçirilən məclislər insanın ehtiyacından artıq qida qəbul etməsinə səbəb ola bilər.
Emosional aclıq isə qəfil yaranır və adətən insanı müəyyən qidalara, xüsusilə şirniyyatlara və yağlı yeməklərə yönəldir. Bu aclıq hissi onu doğuran emosional vəziyyət aradan qalxana qədər davam edə bilər.
Fizioloji aclıqdan fərqli olaraq, emosional aclıq orqanizmin enerji ehtiyacı ilə əlaqəli deyil. Fizioloji aclıq tədricən yaranır, mədədə boşluq hissi ilə müşayiət olunur və konkret qida növünə qarşı xüsusi istək formalaşdırmır.
Ekspert qeyd edib ki, stress zamanı insanların şirniyyat və un məmulatlarına meyli artır. Bunun səbəbi həmin qidaların qısa müddətdə rahatlıq hissi yaratması və enerji səviyyəsini yüksəltməsidir.
Onun sözlərinə görə, sərt pəhrizlər və qida məhdudiyyətləri də həddindən artıq yemək riskini artırır. Kalorinin kəskin azaldılması orqanizm üçün əlavə stress yaradır və bədən bu vəziyyətə uzun müddət tab gətirə bilmir. Nəticədə insan, xüsusilə qidaya çıxışın daim mümkün olduğu şəraitdə, yenidən çox yeməyə meyilli olur.
Mütəxəssis emosional yemək vərdişinin qarşısını almaq üçün gün ərzində müntəzəm qidalanmağı, güclü aclıq hissinin yaranmasına imkan verməməyi və stress səviyyəsini nəzarətdə saxlamağı tövsiyə edib. Bunun üçün fiziki aktivlik, meditasiya və nəfəs məşqlərindən istifadə etmək olar.
O, həmçinin yemək zamanı diqqəti yalnız qidaya yönəltməyi, qidanı yaxşı çeynəməyi və onun dadından zövq almağı məsləhət görüb. Keyfiyyətli və kifayət qədər yuxunun da emosional yemək davranışının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.
Ekspert ara yeməklərin miqdarını məhdudlaşdırmağı, ehtiyac yarandıqda isə meyvələrə, çərəzlərə və şəkərsiz, az yağlı yoqurtlara üstünlük verməyi tövsiyə edib. Bununla belə, həmin qidaların da gündəlik kalori normasına daxil edilməsinin vacibliyini qeyd edib.
Mütəxəssisin fikrincə, həddindən artıq yemək epizodları mütəmadi təkrarlanırsa, insan qida qəbuluna nəzarəti itirirsə, güclü günahkarlıq, narahatlıq və ya depressiya hissləri yaşayırsa, psixoloq və ya psixoterapevtə müraciət etməlidir.
//Gülnarə Abasova, Editor.az

