Putin Trampa yüz minlərlə ton dizel göndərir: Dünya bazarında nə dəyişəcək?backend

Putin Trampa yüz minlərlə ton dizel göndərir: Dünya bazarında nə dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya arasında dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşma enerji bazarında diqqət çəkib. ABŞ Prezidenti Donald Trampın Moskva ilə razılaşması çərçivəsində Rusiyadan Amerikaya yüz minlərlə ton dizel yanacağı göndərilməsi nəzərdə tutulur. Lakin ekspertlər hesab edirlər ki, bu addım dünya bazarında yanacağın qiymətini ciddi şəkildə aşağı salmaya bilər.

Məlumata görə, Donald Tramp oktyabrın 9-da qlobal yanacaq qiymətlərinin azaldılması məqsədilə Rusiya ilə dizel tədarükü barədə razılığa gəldiklərini açıqlayıb. Bunun müqabilində Rusiyaya qarşı bəzi sanksiyaların müvəqqəti dayandırıldığı bildirilib.

Trampın sözlərinə görə, Vladimir Putinlə əldə olunan razılaşmaya əsasən, Rusiya ilkin mərhələdə ABŞ və dünya bazarlarına 300 min tondan artıq dizel göndərməli, noyabr ərzində əlavə 500 min ton, sonrakı mərhələdə isə daha 1 milyon ton yanacaq tədarük etməlidir.

Oktyabrın 10-da Rusiya hökuməti bu razılaşma çərçivəsində dizel ixracına tətbiq edilən məhdudiyyətlərin qismən aradan qaldırıldığını elan edib. İlkin mərhələdə dünya bazarına 500 min ton dizel çıxarılması planlaşdırılıb.

Eyni tarixdə ABŞ Maliyyə Nazirliyi də Rusiya mənşəli dizelin satışı, daşınması, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara 2027-ci il aprelin 7-dək müvəqqəti icazə verib.

Rusiyadan ABŞ-a ilk dizel tankeri göndərilib

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak oktyabrın 21-də ilk tədarükün 40 min ton yanacaq daşıyan tanker vasitəsilə həyata keçiriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Rusiya iki ölkə liderinin razılaşmasına uyğun olaraq ABŞ-ın dizel ehtiyacını öz imkanları daxilində qarşılamağa çalışacaq.

Novak ixracın mərhələli şəkildə artırılacağını və bunun birbaşa neft emalı zavodlarının istehsal gücündən asılı olacağını bildirib. O, ilin sonunadək ixracın əvvəlki səviyyəsinə qaytarılmasının mümkünlüyünü də istisna etməyib.

Kremlin sözçüsü Dmitri Peskov isə oktyabrın 23-də Rusiyadan ABŞ-a ilk dizel tankerinin yola düşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, yanacaq tədarükünün davamlı olması nəzərdə tutulur.

Ekspertlər: Bu razılaşma yanacağın qiymətini ciddi ucuzlaşdırmayacaq

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Enerji Təhlükəsizliyi və İqlim Dəyişikliyi Proqramının tədqiqatçısı Maşa Kotkin hesab edir ki, Rusiya ilə əldə olunan razılaşmanın dünya bazarına təsiri məhdud olacaq.

Onun sözlərinə görə, dünyada gündəlik dizel tələbatı təxminən 29 milyon barel təşkil edir. Rusiyanın ilkin mərhələdə göndərməyi öhdəsinə götürdüyü 300 min metrik ton dizel isə təxminən 2,25 milyon barelə bərabərdir.

Ekspert hesab edir ki, bu həcmdə yanacaq qlobal bazardakı mövcud çatışmazlığı aradan qaldırmaq və qiymətləri nəzərəçarpacaq dərəcədə aşağı salmaq üçün kifayət deyil.

Kotkin həmçinin sonrakı tədarüklərin Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olacağına diqqət çəkib. Onun fikrincə, bu şərt gələcək yanacaq göndərişlərinin davamlılığı ilə bağlı suallar yaradır.

Rusiyanın neft emalı zavodları təhlükə altındadır

Ekspert Rusiyanın dizel ixracını artırmaq imkanlarının bir sıra problemlərlə məhdudlaşdığını bildirib.

Onun sözlərinə görə, Rusiya hər il payızın sonlarında yay mövsümündən qalan dizel ehtiyatlarını azaltmağa və qış aylarında istifadə edilən xüsusi yanacaqlar üçün anbarlarda yer açmağa çalışır.

Bundan başqa, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinad edən Kotkin Rusiyanın neft emalı gücünün təxminən üçdə birinin zərər gördüyünü bildirib. Bu vəziyyət ölkənin yanacaq istehsalına mənfi təsir göstərir.

Xatırladılıb ki, daxili bazarda yaranan çatışmazlıq səbəbindən Rusiya yanvarın 31-dən etibarən emal olunmuş neft məhsullarının ixracına qismən məhdudiyyət tətbiq edib.

Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları da vəziyyəti çətinləşdirən amillərdəndir. Kotkinin sözlərinə görə, Qara dənizdə Rusiya neft tankerləri və mayeləşdirilmiş təbii qaz daşıyan gəmilər, eləcə də Sankt-Peterburqdakı neft ixrac terminalı hücumların hədəfinə çevrilib.

Ekspert hesab edir ki, dizel daşıyan gəmilər də oxşar təhlükələrlə üzləşə bilər.

Trampın Rusiya ilə razılaşması ABŞ-da da müzakirələrə səbəb olub

Rusiya yanacağının ABŞ bazarına çıxarılması Vaşinqtonun Moskvaya qarşı sanksiya siyasəti ilə bağlı mübahisələri də yenidən gündəmə gətirib.

Maşa Kotkinin sözlərinə görə, Rusiyaya tətbiq edilən enerji sanksiyaları həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstəklənir. Tramp administrasiyasının son müvəqqəti güzəşti isə ABŞ Konqresində hər iki partiyanın nümayəndələri arasında ciddi narazılıq yaradıb.

Ekspert Konqreslə Ağ Ev arasında sanksiyalar məsələsində fikir ayrılıqlarının davam edəcəyini düşünür.

Kotkinin qənaətinə görə, Rusiya dizelinin satışına verilən müvəqqəti icazə dünya bazarındakı təklif çatışmazlığını yalnız çox cüzi azalda bilər. Hətta bu razılaşmanın qiymətlərə heç bir nəzərəçarpacaq təsir göstərməməsi də mümkündür.

\\ Aydan Bünyatova, Editor.az