Ermənistanda iyunun 7-də baş tutan növbədənkənar parlament seçkilərindən dərhal sonra ölkə rəhbərliyi ilə Moskvaya sığınan revanşist müxalifət cinahı arasında açıq siyasi savaş yeni fazaya qədəm qoyub.
Seçkilərin ilkin nəticələrinə əsasən mütləq səs çoxluğu qazanaraq mövqeyini qoruyan Baş nazir Nikol Paşinyan xalqa müraciətində rəqiblərini sərt şəkildə ittiham edib. O, ölkə parlamentinə daxil olan və kənarda qalan müxalif qüvvələri – “Güclü Ermənistan” bloku, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyasını nəzərdə tutaraq, Kremlin dəstəkləyiyi revanşist düşərgənin tamamilə məğlub edildiyini bəyan edib. Paşinyan vurğulayıb ki, bu zəfər vacib bir addım olsa da, hələ son hədəf deyil: “Erməni xalqı bu seçkidə respublikada kök salmış müharibə partiyasının və onun arxasında dayanan cinayətkar, oliqarxik sistemin birdəfəlik məhv edilməsi iradəsini ortaya qoydu. Yeni hökumətin və formalaşacaq siyasi əksəriyyətin ən prioritet vəzifəsi bu qondarma şəbəkəni heç bir təxirəsalma olmadan, ən qətiyyətli hüquqi addımlarla sıradan çıxarmaq olacaq”. Ermənistan liderinin bu kəskin bəyanatı seçki qutularından gələn qələbənin daxili təmizləmə əməliyyatına çevriləcəyinə işarədir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, seçki nəticələrinin gətirdiyi mənzərə Kremlin İrəvanda parlament çoxluğu yaratmaq planını iflasa uğratsa da, Paşinyanın konstitusiya dəyişiklikləri üçün lazımi sayda mandat əldə edə bilməməsi daxili siyasi böhran risklərini masada saxlayır: “Bəli, Kremlin maliyyələşdirdiyi pro-rus qüvvələrin əsas ruporlarından biri olan Qaqik Tsarukyanın ‘Çiçəklənən Ermənistan’ Partiyası cəmi 3,996 faiz səs toplayaraq 4 faizlik hüquqi seçki barajını aşa bilmədi və parlamentden tamamilə kənarda qaldı. 2004-cü ildən bu yana parlamentdə oturan oliqarx-biznesmen Tsarukyanın bu iflası rejim üçün böyük zərbədir. Lakin digər tərəfdən, 2026-cı ilin yanvarında təsis edilən və Rusiyada fəaliyyət göstərən milyarder biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi ‘Güclü Ermənistan’ bloku yeni parlamentdə 29 mandatla təmsil olunmaq hüququ qazanıb. Ötən ilin iyununda dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edilən, lakin dekabrda ev dustaqlığına buraxılan Karapetyanın bu qədər yer qazanması Moskva üçün Ermənistan daxilində ciddi bir hərbi-siyasi rıçaq rolunu oynayır. Həmçinin vaxtilə Qarabağdakı qanunsuz işğalçı rejimə rəhbərlik etmiş, sonradan isə Ermənistan prezidenti olmuş müharibə canisi Robert Köçəryanın rəhbərlik etdiyi ‘Ermənistan’ bloku da 12 deputat yeri əldə edərək qanunverici orqana sızıb”.
Ekspertin sözlərinə görə, bu müxalifət şəbəkəsinin parlament daxilində və xaricində birləşərək revanşist ideologiyanı alovlandırmaq cəhdləri, Rusiyanın İrəvanda daxili qarşıdurma yaratmaq üçün hazırladığı dəhşətli ssenarinin əsas tərkib hissəsidir: “Bu qüvvələrin hədəfi Ermənistanın Qərbə inteqrasiya xəttini, xüsusən də ABŞ-ın birbaşa dəstəyi ilə icra olunan TRIPP layihəsini və Azərbaycanla yaxın vaxtlarda imzalanması gözlənilən sülh sazişini hər vəclə sabote etməkdir. Təsadüfi deyil ki, seçkidən dərhal sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı kəskin təhdid ritorikası ilə çıxış edərək Ermənistandakı seçkiləri ədalətsiz adlandırıb, İrəvanda demokratik prinsiplərin kobud şəkildə pozulduğunu iddia edib. ‘Maşa’nın müxalifətə qarşı inzibati təzyiqlərin olduğunu, total qorxu mühitinin hökm sürdüyünü və Avropa İttifaqı rəsmilərinin Paşinyana verdiyi dəstəyi Qərbin prosesə ‘kobud müdaxiləsi’ kimi qələmə verməsi Moskvanın bu nəticələri asanlıqla həzm etməyəcəyinin rəsmi bəyanatıdır”.
Əli Əkbəroğlu vurğulayıb ki, Paşinyanın təkbaşına hökumət qursa da, sülh müqaviləsinin ən kritik bəndi olan konstitusiya dəyişiklikləri nizamlamasını referendumsuz qəbul edə biləcək mütləq parlament çoxluğunu (“konstitusiya çoxluğu”) qazana bilməməsi, Rusiyanın Ermənistanı içəridən qarışdırmaq cəhdlərini sürətləndirəcək: “Köçəryan və Karapetyan qruplaşması parlament daxilində Paşinyanın atacağı hər bir sülh addımını ‘milli xəyanət’ kimi qələmə verərək, xalqı küçə iğtişaşlarına salmağa çalışacaqlar. Kremlin əsas strateji ssenarisi ondan ibarətdir ki, referendum ərəfəsində İrəvanda kütləvi itaətsizlik aksiyaları təşkil edilsin, müxalif deputatlara qarşı açılan cinayət işləri siyasi repressiya kimi dünyaya təqdim olunsun və ölkə daxili xaos nəticəsində hərbi xunta rejiminin nəzarətinə verilsin. Azərbaycan tərəfi regionda sülhün və Zəngəzur dəhlizinin açılmasının təmin olunması üçün İrəvanda baş verən bu daxili gərginliyi yaxından izləyir. Paşinyan hökuməti xalqdan aldığı bu son legitimlik mandatından istifadə edərək pro-rus oliqarxik şəbəkəni tamamilə zərərsizləşdirməsə, Moskvanın idarə etdiyi bu revanşist qüvvələr yaxın aylarda Ermənistanı çox qanlı və dağıdıcı daxili vətəndaş müharibəsinin astanasına gətirə bilər”.
NOCOMMENT.az


