“Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə ölkəmizdə turizm sektoru prioritet istiqamətlərdən birinə çevrilib, bu sahənin inkişafı üçün ardıcıl və genişmiqyaslı dövlət siyasəti həyata keçirilir”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Göydəniz Qəhrəmanov Milli Məclisdə çıxışı zamanı deyib.
O qeyd edib ki, dövlət tərəfindən həm paytaxt Bakıda, regionlarda, həm də işğaldan azad olunmuş ərazilərdə müasir turizm infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır: “Yeni turizm kompleksləri tikilir, dəmir yolları yenilənir, təkcə Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə üç beynəlxalq hava limanı istifadəyə verilib.
Eyni zamanda, ölkəmizin turizm potensialı beynəlxalq sərgilərdə və platformalarda fəal şəkildə təbliğ olunur. Bütün bu amillər göstərir ki, dövlətin əsas hədəflərindən biri turist axınının artırılması və ölkənin regionda turizm mərkəzinə çevrilməsidir.
Bu səbəbdən aviasiya sektoru mühüm önəm daşıyır. Belə ki, ölkəyə gələn turistlər əsasən hava nəqliyyatından istifadə edirlər. Lakin son dövrlərdə aviabiletlərin qiymətində müşahidə olunan kəskin artım həm ölkəyə gələn turistlərin, həm də vətəndaşlarımızın xarici səfərləri zamanı səyahət xərclərinin artmasına səbəb olur. Aviaşirkətlərin qiymət siyasətinə daha geniş turizm prizmasından yanaşması, turizm sektorunun ümumi inkişaf maraqları naminə daha məqsədəuyğun olardı. Belə ki, aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına səbəb olar”.
Millət vəkili əlavə edib ki, bu, təkcə aviasiya sektorunun deyil, bütövlükdə turizm sənayəsində iştirak edən hotellərin, bələdçilərin, nəqliyyat xidmətlərinin, iaşə obyektlərinin və digər sahələrin gəlirlərinin artmasına, eyni zamanda yeni iş yerlərinin açılmasına səbəb ola bilər.


