Həkim balqabaqkimilərin (kabaçki) əsas faydasını açıqlayıbbackend

Həkim balqabaqkimilərin (kabaçki) əsas faydasını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Endokrinoloq Lada Fedinanın sözlərinə görə, kabaçki həm aşağı kalorili, həm də orqanizm üçün faydalı mövsümi tərəvəzlərdən biridir. Mütəxəssis bildirib ki, 100 qram kabaçkinin tərkibində cəmi 20–25 kilokalori mövcuddur ki, bu da onu çəkiyə nəzarət edən şəxslər üçün əlverişli qida məhsuluna çevirir.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Həkimin sözlərinə əsasən, kabaçki yüksək su tərkibi və zəngin qida lifləri ilə seçilir. Liflər bağırsaqların normal fəaliyyətini dəstəkləyir, uzunmüddətli toxluq hissi yaradır və faydalı bağırsaq mikroflorasının inkişafına kömək edir. Mütəmadi olaraq liflə zəngin tərəvəzlərin qəbulunun bir sıra xroniki xəstəliklərin yaranma riskini azaltdığı qeyd olunur.

Mütəxəssis əlavə edib ki, kabaçki C vitamini, kalium, eləcə də az miqdarda B qrupu vitaminləri və antioksidantlarla zəngindir. Kalium ürək-damar sisteminin normal fəaliyyətinin qorunmasında, su-duz balansının tənzimlənməsində və əzələlərin funksiyasının dəstəklənməsində mühüm rol oynayır.

Lada Fedina kabaçkinin universallığını da üstün cəhətlərindən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, bu tərəvəz ət, balıq, taxıl məhsulları və digər tərəvəzlərlə yaxşı uyğunlaşır, sobada bişirmə, buğda hazırlama, qril və ya pörtlətmə üsulları ilə sağlam şəkildə istehlak oluna bilər.

Bununla yanaşı, həkim kabaçkinin hazırlanma üsulunun da vacib olduğunu vurğulayıb. O bildirib ki, bol yağda qızardılmış kabaçki daha kalorili olur və həzm sisteminə əlavə yük yarada bilər. Bu səbəbdən tərəvəzin minimum yağla sobada, buğda və ya qrildə hazırlanması daha məqsədəuyğun hesab edilir.

Endokrinoloq sonda qeyd edib ki, kabaçki müalicəvi məhsul kimi qiymətləndirilməməlidir. Onun fikrincə, sağlamlığın qorunması üçün əsas amil müxtəlif tərəvəzlər, meyvələr, tam taxıl məhsulları və zülal mənbələrini özündə birləşdirən balanslı qidalanmadır.

//Gülnarə Abasova, Editor.az