Çinin Hebey əyalətində 70 yaşlı qadın tabutda ayılıb.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki,qadın uzun illər beyin damarlarının trombozundan əziyyət çəkib.
Eyni zamanda o, xərçənglə mübarizə aparıb. Həkimlər şişin artıq müalicəyə tabe olmadığını bildirdikdən sonra ailəsi onu palliativ müalicə üçün evə aparıb.
Sentyabrın 8-də yaxınları qadında həyat əlamətləri görmədikləri üçün onu soyudulan tabuta yerləşdiriblər. Qohumlarının digər şəhərlərdən gəlib onunla vidalaşmasını gözləyiblər. Növbəti axşam qadının gəlini tabutdan inilti gəldiyini eşidib. Yaşlı qadın dərhal tabutdan çıxarılıb.
Sentyabrın 11-dək o, tamamilə özünə gəlib. Gözlərini açasa da, vəziyyəti ağır olaraq qalıb. Həmin gecə qadın yenidən dünyasını dəyişib, sentyabrın 13-də isə dəfn edilib.
Həkimlərin fikrincə, söhbət “müvəqqəti/yalançı ölüm” kimi təsvir edilən vəziyyətdən gedə bilər. Belə hallarda insanın həyati göstəriciləri müəyyən edilməyəcək səviyyəyə qədər enir: nəfəsalma və ürək döyüntüsü zəif olur, maddələr mübadiləsi yavaşlayır və insan dərin koma vəziyyətinə düşür.

