Rusiyanın NATO-ya hücum etməməsinin 5 SƏBƏBİbackend

Rusiyanın NATO-ya hücum etməməsinin 5 SƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnoloji üstünlük NATO-nun müdafiə qalxanı ola bilər, lakin Rusiya heç də həmişə məntiqlə hərəkət etmir.

Bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Siyasi bəyanatlara və kəşfiyyatın Rusiyanın NATO ilə münaqişə riskinin artması barədə xəbərdarlıqlarına baxmayaraq, “Newsweek”in icmalçısı Şeyn Krauçer Rusiyanın Qərblə böyük müharibə aparmaq imkanının olmamasının 5 əsas səbəbini sadalayıb.

Böyük canlı qüvvə və hərbi itkilər

İlk səbəb birbaşa Rusiyanın Ukraynadakı müharibədə çəkdiyi ağır itkilərlə bağlıdır. Söhbət 450 mini həlak olanlar da daxil olmaqla, ümumilikdə 1,4 milyon nəfərlik canlı qüvvə itkisindən və bununla əlaqədar 2025-ci ilin sonundan etibarən hərbi xidmətə çağırış tempinin zəifləməsindən gedir. Bütün bu itkilərə baxmayaraq, Rusiya qoşunları döyüş meydanında əhəmiyyətli irəliləyiş əldə edə bilməyib, hətta aprel və may aylarında nəzarətə götürdüklərindən daha çox ərazi itiriblər.

“Ukraynanın möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün bütün gücünü sərf edən ordu, ABŞ-nin rəhbərlik etdiyi NATO koalisiyası tərəfindən daha ciddi bir çağırışla üzləşəcək”, – deyə müəllif qeyd edir.

Çinin mövqeyi

İkinci amil kimi Rusiyanın iqtisadi baxımdan artıq Çinin kiçik tərəfdaşına çevrilməsi göstərilir. Çin lideri Si Cinpin isə Rusiyaya hərbi dəstək verəcəyini açıq şəkildə bəyan etməyib.

“Pekin Rusiya ilə NATO arasında bir çox cəhətdən Çinin maraqlarına zidd olan müharibəni dəstəkləməyəcək”, – deyə icmalçı əlavə edir.

O izah edir ki, belə bir münaqişə regional çərçivədə qalmayacaq, nüvə silahının tətbiqi ehtimalını artıracaq, Çinin Tayvanı nəzarətə götürməsi üçün zəruri şəraiti pozacaq və Pekinin asılı olduğu Avropa bazarını təhlükə altına qoyacaq.

Zəifləyən Rusiya iqtisadiyyatı

Müəllif Rusiyanın NATO ilə müharibəyə cəhd etməməsinin üçüncü səbəbi kimi kiçilməkdə davam edən Rusiya iqtisadiyyatının vəziyyətini vurğulayır. O, Milli Rifah Fondunun ehtiyatlarının azaldığını bildirərək əlavə edib:

“Rusiya Ukraynaya qarşı müharibə səbəbindən xeyli kasıblaşıb”.

Bu vaxt isə NATO müdafiə xərclərini sürətlə artırır.

Nüvə çəkindirməsi

Qərbi qoruyan daha bir məqam NATO-nun üç üzv ölkəsində nüvə silahının olmasıdır.

“Nüvə təzyiqi Putinin arsenalında tanıdığı alətdir, o və Rusiyadakı müttəfiqləri bundan tez-tez istifadə edirlər, lakin bunun həm müsbət, həm də mənfi tərəfləri var”, – deyə müəllif yazır.

O əlavə edib ki, müəyyən göstəricilərə görə, Rusiyanın nüvə silahının modernləşdirilməsi proqramının ayrı-ayrı hissələri çətinliklərlə üzləşir.

“Sarmat” raketinin 2025-ci ildəki növbəti sınağı uğursuzluqla nəticələnib, SIPRI Hərbi Tədqiqatlar İnstitutu isə proqramdakı problemləri sanksiyalar və Ukraynadakı müharibə ilə əlaqələndirir.

Müasir çiplərdən asılılıq

Beşinci səbəb Rusiyanın müasir mikrosxemlər (çiplər) istehsal etməməsidir. Müxtəlif dolayısı yollarla Rusiya zərbə PUA-ları üçün kompüter detalları əldə etməyə çalışsa da, sanksiyalar səbəbindən onları qanuni yolla ala bilmir.

“Bu yarışda həlledici amil miqyasdır. ABŞ-nin süni intellektə özəl investisiyaları 2025-ci ildə 285,9 milyard dollara çatıb, təkcə Pentaqon 2027-ci maliyyə ili büdcəsində avtonom idarəetmə və pilotsuz platformalar üçün 53,6 milyard dollar sorğu edib”, – məqalədə bildirilir.

Həmçinin Kanadanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (CSIS) Rusiyanın aparıcı dron istehsalçısının məhsullarını araşdıran rəyinə görə, sürü rejiminə keçid və dronların avtonomluğu haqqında pafoslu bəyanatlar təcrübədə təsdiqini tapmayıb və Kremlin hərbi qüvvələri tərəfindən tətbiq edilməyib.

Müəllif yazır ki, məntiqi nəticələrə baxmayaraq, Rusiya lideri Vladimir Putin hər halda NATO-ya qarşı düşünülməmiş addımlar ata bilər. Putin dəfələrlə Qərbin həddindən artıq yüksək hesab etdiyi riskləri və xərcləri öz üzərinə götürüb. NATO-nun kollektiv müdafiəyə sadiqliyinin məhdud şəkildə yoxlanılması Rusiya üçün azxərcli göründüyündən cazibədardır.

ABŞ kəşfiyyatının məlumatına görə, bu ilin payızından 2029-cu ilə qədər olan dövr NATO-nun sınaqdan keçirilməsi üçün ən ehtimal olunan vaxt sayılır. Lakin quru işğalı ən az ehtimal olunan variant hesab edilir, çünki bu, birbaşa 5-ci maddənin işə düşməsinə səbəb olur.

Məlumata görə, Putinin Ukrayna müharibəsindəki zəifliyi əslində NATO ilə münaqişənin eskalasiyası üçün stimulu artıra bilər. Ukraynadakı məğlubiyyət və ya konfliktin Putinin ölkə daxilində qələbə kimi təqdim edə biləcəyi bir nəticə olmadan başa çatması o deməkdir ki, onun diqqəti başqa tərəfə yönəldəcək daha ciddi manevrə və ya NATO-nun birliyini yoxlayaraq Kiyevə dəstəyi zəiflətməyə ehtiyacı var. Buna onu NATO-nun həssas vəziyyətdə olması da vadar edə bilər. Avropanın quru qoşunları onun əsas qüvvəsi sayılmır, müttəfiqlərin hava hücumundan müdafiə sistemi isə zəif qiymətləndirilir.

Avropa xüsusi xidmət orqanları da Rusiyanın Alyansı sınaqdan keçirmək üçün yaxın vaxtlarda NATO-ya hücum etməsi ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edir. Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin (BIS) rəhbəri Mixal Kudelka hesab edir ki, ehtimal olunan ssenariyə məhdud işğal, özgə bayrağı altında təxribatlar və ya genişmiqyaslı təsir kampaniyası daxil ola bilər.

Musavat.com