Səudiyyə Ərəbistanı sentyabrın sonuna planlaşdırılan xam neft tədarükünün bir hissəsini Avropa ölkələrinə dayandırıb.
Editor.az bu barədə xarici mediaya istinadən məlumat yayıb.
Məlumata görə, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı ölkənin neft infrastrukturuna növbəti hücumdan sonra “Şərq–Qərb” neft kəməri ilə tədarükü dayandırmaq məcburiyyətində qalıb. Sözügedən kəmər Qırmızı dənizin sahilində yerləşən Yanbu limanına çıxır.
Bununla yanaşı, Qırmızı dənizdə husilərin hücumları və Hörmüz boğazından keçən gəmiçilikdə davam edən fasilələr Səudiyyə Ərəbistanının neft ixracını daha da çətinləşdirir.
Yaranmış vəziyyət fonunda Polşa kimi iri neft idxalçıları Səudiyyə Ərəbistanından tədarükün azalması ehtimalına qarşı alternativ mənbələr axtarmağa başlayıblar.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinin təmirinin üç-beş həftə davam edə biləcəyi barədə məlumat yayılmışdı.
Sentyabrın 11-də isə Səudiyyə Ərəbistanının Mədinə və Ər-Riyad şəhərləri yaxınlığındakı “Şərq–Qərb” neft kəmərinin bir neçə pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qaldığı bildirilmişdi. Məlumata görə, dronlar İraq ərazisindən buraxılıb. Hücumdan sonra kəmərlə neft nəqli dayandırılıb.
Baş verən hadisələr neft bazarında təchizat risklərini artıraraq qlobal enerji bazarlarında vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
//Gülnarə Abasova, Editor.az

